Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-04
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Forumda iştirak etmişdir

     Noyabrın 25-28-də İstanbul şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Almaniya Federativ Respublikası Saksoniya Torpağının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu tərəfindən təşkil olunmuş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumu keçirilmişdir.

     Foruma dünyanın 26 ölkəsindən yüksək səviyyəli nümayəndə heyətləri qatılmışdır. Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokurorun müavini Namiq Əsgərovun rəhbərliyi ilə Baş prokurorun köməkçisi Elşən Albəndov və Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin rəhbəri İsmayıl Qayıbovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.

     Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, cənub-şərqdən Qərbi Avropaya siqaret qaçaqmalçılığı, Avropanın şərq və qərb marşrutları üzrə insan alveri, internet vasitəsilə qumar oyunları və idman oyunlarında dələduzluq elementləri mövzusunda məruzələr dinlənilərək müzakirələr aparılmışdır.

     Tədbirin noyabrın 27-də keçirilmiş 4-cü sessiyasında Ermənistan Respublikası Baş prokurorunun müavini iclasın protokol qaydalarına zidd olaraq azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycan Respublikasına ekstradisiyasının qeyri-legitimliyi barədə siyasi bəyanat vermişdir.

     Bununla əlaqədar Forum təşkilatçıları adından Saksoniya Torpağının Baş prokuroru Klaus Fleixmann çıxış edərək Ermənistan nümayəndəsinin tədbirin reqlamentini kobud şəkildə pozmaqla mövzuya aid olmayan siyasi məsələyə toxunduğunu və belə bir bəyanatla çıxış edilməsinin qətiyyən yolverilməzliyini xüsusi vurğulamışdır.

     Azərbaycan nümayəndə heyətinin rəhbəri N.Əsgərov replika hüququndan istifadə edərək Ermənistan tərəfinin qaldırdığı məsələnin tam əsassız olduğunu qeyd etmiş, Ramil Səfərovun Azərbaycan Respublikasına ekstradisiyasının 1983-cü il tarixli "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının tələblərinə müvafiq həyata keçirildiyini, onun Azərbaycan Prezidenti tərəfindən ölkə Konstitusiyasının 109-cu maddəsinə əsasən, qüvvədə olan qanunvericiliyə və beynəlxalq normalara tam uyğun əfv edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

     Baş prokurorlun müavini çıxışında daha sonra Ermənistan Respublikasının azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini həyata keçirməsini, həmin siyasətin tərkib hissəsi kimi Azərbaycan torpaqlarının 20 faizdən çoxunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməklə 20 ildən artıq müddətdə əsarət altında saxlanıldığını, minlərlə dinc və günahsız azərbaycanlının qətlə yetirildiyini, işğal nəticəsində 1 milyondan artıq insanın öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyünü, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bugünədək icra olunmadığını xüsusi vurğulamışdır.