Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-19
Baş Prokurorluq təkzib edir

     2012-ci ildə Azərbaycan Respublikasında 5 nəfərin işgəncə ilə öldürülməsi barədə bəzi kütləvi informasiya vasitələrində İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudova istinadən yayılmış informasiyalar həqiqətə uyğun olmadığından təkzib olunur.

     Həmin informasiyalarda 3 nəfərin - Eminov Qədir Qurbanəli oğlunun, Məmmədov Elşən Əsəd oğlunun və Babayev Əmrəli Məmmədqulu oğlunun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan qəsəbəsində yerləşən həbsxanasında, Mikayılov Pərviz Əziz oğlunun 17 saylı cəzaçəkmə müəssisəsində, İlyaslı Zeynəb Mahir qızının isə Göygöl rayonunun 8 saylı ruhi-əsəb təmayüllü internat evində guya işgəncələr verilməsi nəticəsində ölmələri qeyd edilmişdir.

     Göstərilənlərlə bağlı bildiririk ki, Azərbaycan Respublikası insan hüquqlarının qorunması sahəsində mühüm beynəlxalq sənədlərə, o cümlədən BMT Baş Məclisi tərəfindən qəbul edilmiş "İşgəncələrə və digər qəddar, qeyri-insanı, yaxud ləyaqət alçaldan davranış və cəza növlərinə qarşı" Konvensiyaya, həmçinin "İşgəncələrə və qeyri-insanı, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasına qoşulmuşdur.

     Qeyd edilən Konvensiyaların tələblərinə uyğun olaraq son illərdə Azərbaycan Prokurorluğu orqanlarında müvafiq işlər görülmüşdür. Belə ki, vətəndaşların müvəqqəti saxlanma yerlərində saxlanılmasının qanuniliyi üzərində gündəlik nəzarətin həyata keçirilməsi qaydasını müəyyənləşdirən, eləcə də şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsinə yönəlmiş bir sıra əmrlər imzalanmışdır.

      Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq prokurorluq orqanları tərəfindən qeyd edilən ölüm faktları üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, o cümlədən hadisə yeri və meyitlərə məhkəmə-tibb ekspertlərinin iştirakı ilə baxış keçirilmişdir. Meyitlər daxili müayinə olunması və ölümün səbələrinin müəyyən edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyinin aidiyyəti şöbələrinə göndərilərək müvafiq rəylər alınmışdır.

     Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Elşən Məmmədov, Qədir Eminov və Pərviz Mikayılov ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisələrində intihar etmişlər, Əmrəli Babayev Xəzər rayonunda yerləşən ixtisaslaşdırılmış müalicə müəssisəsində vərəm xəstəliyindən, Zeynəb İlyaslı isə 8 saylı ruhi-əsəb təmayüllü internat evində ürək çatışmamazlığından ölmüşlər.

      Qədir Eminovun intihar etməsi faktına görə başlanmış cinayət işinin icraatına xitam verilmiş, digər ölüm halları üzrə isə hazırda aidiyyəti rayon prokurorluqlarında müvafiq araşdırmalar davam etdirilir.

       Araşdırmalar zamanı qeyd edilən şəxslərə qarşı hər hansı formada işgəncə və qeyri-insanı, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir.