Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-28
Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunmuşlar

Məlumat verildiyi kimi Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında vəfat etmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, İstanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və S.Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilmiş və mərhumun S.Babayeva olması müəyyənləşdirilmişdir.

Xəstəxanadan verilən ilkin məlumata görə həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S.Babayeva ürək çatışmazlığından vəfat etmişdir.

Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırmış və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunmuşlar.

Aparılan araşdırmaların, o cümlədən ekspertizanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.