Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-04-18
Türkiyə Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olmuşdur

Ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 18-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovla görüşmüşdür.

Qonaqları səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyi, iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət göstərəcəyi xüsusi vurğulanmışdır.

Baş prokuror son dövrlər qardaş ölkədə baş vermiş qanlı terror hadisələri nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək tez bir zamanda cinayətkarların müəyyən edilərək layiqli cəza alacağına ümidvar olduğunu bildirmişdir.

Görüşdə aprelin əvvəllərində Azərbaycanın işğal altında olan ərazilərindəki erməni hərbi birləşmələrinin Silahlı Qüvvələrimizin cəbhəboyu mövqelərini artilleriya qurğularından intensiv atəşə tutmaqla beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı törədilmiş cinayətlər, həmçinin hərbçilərimizin yüksək döyüş hazırlığı sayəsində erməni təxribatının qarşısının qətiyyətlə alınması qonaqların diqqətinə çatdırılmışdır.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli  müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması  istiqamətində aparılan köklü islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi və Dövlət ittihamının müdafiəsi üzrə idarənin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən İsmayıl Rüştü Cirit rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına  böyük önəm verdiyini vurğulayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd etmişdir.

Nümayəndə heyətinin üzvləri – Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Mehmet Akarca və Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçil çıxış edərək dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyini vurğulamış və əlaqələrin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etmişlər.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun iştirak etmişdir.