Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-03-07
Göygöl rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır

Göygöl rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cari ilin fevralında qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılaraq təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər.

Belə ki, martın 2-də Göygöl rayonunun Axarca kəndi ərazisindəki meşə massivində insan meytinin basdırılması barədə Göygöl rayon prokurorluğuna daxil olmuş məlumat əsasında meyit aşkar edilərək basdırıldığı yerdən çıxarılmış və istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Əliyev olduğu müəyyən edilmişdir. Faktla bağlı dərhal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaqla müəyyən edilmişdir ki, Balçılı kənd sakini Cavid Cəfərov tanışı Eldar Əliyevlə aralarında borc pulla bağlı yaranmış narazılığa görə həmkəndliləri Qoçu Kərimov və Aqil Rüstəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında onu öldürməyi razılaşmışlar. Həmin məqsədlə, fevralın 15-də onlar 2 ədəd bel, 1 ədəd dəmir ling və 1 ədəd külüngü sonuncunun idarə etdiyi avtomobillə Axarca kəndi ərazisindəki meşəlikdə gizlətmişlər.

Bundan sonra, fevralın 25-də saat 18 radələrində C.Cəfərov E.Əliyevi nahar etmək adı ilə A.Rüstəmovun idarə etdiyi avtomobillə rayonun Balçılı kəndində yerləşən “Nurəddin bulağı” adlanan əraziyə dəvət etmişdir. Burada yeyib içdikdən sonra sərxoş vəziyyətdə C.Cəfərovla E.Əliyev arasında yaranmış mübahisə zamanı C.Cəfərov çəkiclə E.Əliyevin təpə nahiyəsinə iki dəfə vuraraq öldürmüş və meyitini birlikdə A.Rüstəmovun idarə etdiyi avtomobilin yük yerinə qoyub Axarca kəndi istiqamətinə aparmışlar.

Avtomobil nasaz vəziyyətə düşdüyündən meyiti oraya çağırılmış tanışları Xəyal Məmmədovun idarə etdiyi avtomobillə Axarca kənd ərazisindəki meşəlik sahəyə aparıb basdırmışlar.

İş üzrə Cavid Cəfərov, Aqil Rüstəmov və Qoçu Kərimov Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), Xəyal Məmmədov isə həmin məcəllənin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.