Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-02-08
Azərbaycan ilə Malayziya arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 3-dən 5-dək Malayziyada səfərdə olumuşdur. 

K.Əliyev səfər çərçivəsində Malayziya Baş nazirinin ofisində şəffaflıq məsələləri üzrə nazir və parlamentin üzvü Paul Lou Seng Kuan, Malayziya Antikorrupsiya Komissiyasının (MACC) rəisi Datuk Abu Kassim bin Mohamed, MACC-ın rəis müavini Dato Sri Mohd Şukri Bin Abdullah ilə görüşmüşdür. Görüşdə hər iki ölkənin korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır.

Fevralın 4-də Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev və Antikorrupsiya Komissiyasının rəhbərliyinin iştirakı ilə Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

Mərasimdə çıxış edən K.Əliyev sənədin Azərbaycan və Malayziyanın eyni adlı qurumları arasında antikorrupsiya sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, təcrübə və informasiya mübadiləsinin aparılması, peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirmişdir.

Həmin gün MACC-ın baş qərargahında qurumun rəis müavini Dato Sri Mohd Şukri Bin Abdullahın sədrliyi ilə Azərbaycan və Malayziya Korrupsiyaya qarşı Mübarizə qurumları arasında ikitərəfli görüşlərin birinci raundu keçirilib. İclas zamanı K.Əliyev Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti və strukturu, beynəlxalq əməkdaşlıq əlaqələri, ölkəmizdə antikorrupsiya sahəsində aparılan işlər haqqında ətraflı məlumat vermişdir.

Malayziya Antikorrupsiya Komissiyasının nəzdində fəaliyyət göstərən “MACC FM” radiosuna baş çəkən K.Əliyev radioya canlı müsahibə də vermişdir. Müsahibə zamanı K.Əliyev malayziyalı dinləyicilərə rəhbərlik etdiyi qurumun fəaliyyəti və ölkəmizin uğurları haqqında danışmışdır.

Səfər çərçivəsində K.Əliyev Kuala Lumpurda yerləşən Malayziya Antikorrupsiya Akademiyasının (MACA) rəhbərliyi ilə görüşmüşdür. Görüşdə Azərbaycan nümayəndə heyətinə Akademiya barədə geniş məlumat verilmiş və MACA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Nümayəndə heyəti, həmçinin Akademiyanın kitabxanası və burada təşkil olunan qısamüddətli təlim kurslarında iştirak edən xarici ölkə nümayəndələri üçün yaradılmış şəraitlə tanış olmuşdur.

Azərbaycan nümayəndə heyətinin Malayziyaya səfəri fevralın 5-də başa çatmışdır.