Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-02-02
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilmişdir

Yanvarın 29-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ötən il dünyada kəskinləşən iqtisadi böhran əksər ölkələrdə çətinliklər yaratmasına baxmayaraq, əvvəlki illərdə olduğu kimi, ölkəmizin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunmuşdur. Bunu ötən il ölkəmizdə keçirilmiş bir sıra mühüm beynəlxalq tədbirlər də təsdiqləyir.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və dayanıqlılığının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılmışdır.

Hərbi prokuror demişdir ki, 2014-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 33 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməmişdir. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il bəzi növ cinayətlərin cüzi artımı qeydə alınmışdır.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən ildə də Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktubları göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilməklə icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2015-ci il yanvarın 10-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirilmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-ci ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 50 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və bu il yanvarın 26-da Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən Xanlar Vəliyev bildirmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Xüsusi vurğulanıb ki, 2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 790 min 503 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilmişdir.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 66 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 136 yoxlama keçirilib, nəticədə 2191 qanun pozuntusu aşkar edilmişdir. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 202 təqdimat göndərilib, 227 nəfərə xəbərdarlıq edilib, 44 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 15 qanunsuz qərar ləğv olunmuşdur.

Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb etmişdir.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 59 faizi təmin olunmuşdur. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 186 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir.

Hərbi prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılır. Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.

Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1768 müraciətinə baxılıb, 935 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2920 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2239 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” yeni Qanunun hərbi prokurorluq orqanlarında icrası və dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları xüsusi vurğulanmışdır. Vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi hərbi prokurorluq əməkdaşlarından tələb olunmuşdur.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuşdur. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülmüş, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm qaydada hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr edib, onlarla söhbətlər aparmışlar.

Həmçinin qeyd olunmuşdur ki, Respublika Hərbi Prokurorluğu üzrə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Novruz bayramı və Silahlı Qüvvələr Günü münasibətilə hərbi prokurorluq əməkdaşları rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissələrində, habelə düşmənlə üzbəüz yerləşən mövqelərdə hərbi qulluqçular qarşısında çıxışlar etmiş, şəxsi heyətin tibbi, məişət və s. təminatları ilə maraqlanıb, hərbi hissələrə, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr vermişlər.

Kollegiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il sentyabrın 30-da imzaladığı Sərəncamla ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə hərbi prokurorluq əməkdaşlarının təltif olunmasını diqqətə çatdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev hərbi prokurorluq əməkdaşlarının bir qrupunun yüksək dövlət mükafatlarına layiq görülməsini Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində göstərilən inamın və etimadın ifadəsi olduğunu qeyd etmişdir.

Bununla yanaşı, ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 12 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib, Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 7 işçi vəzifədə irəli çəkilmişdir. Xidməti fəaliyyətlərində fərqlənmiş 44 əməkdaş həvəsləndirilmiş, 49 işçi müxtəlif medallarla təltif olunmuş, 72 əməkdaşa rütbələr verilmişdir.

Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunmuşdur. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.

Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov, Zaqatala hərbi prokuroru, ədliyyə polkovniki Mustafa Əsgərov, Qazax hərbi prokuroru, ədliyyə polkovniki Şahin Zamanov və Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Natiq Həsənov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Kollegiya iclasında, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunmuşdur. Tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilmişdir.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq demişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.