Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-01-29
Kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq edilmişdir

Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. 

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, bir sıra internet saytlarında “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq cari ilin yanvar ayında respublikanın müxtəlif bölgələrində ayrı-ayrı şəxslər tərəfindən təşkil edilməklə keçirilmiş aksiyaların ölkədə guya sosial-iqtisadi vəziyyətin pisləşməsi, əhalinin mövcud vəziyyətdən narazı olması kimi qiymətləndirilməsi, eləcə də həmin aksiyalarla əlaqədar heç bir dəqiqləşdirmə aparılmadan və dövlət orqanlarının rəsmi mövqeyi öyrənilmədən açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilməklə məlumatlar yayımlanmışdır.

Bəzi hallarda həmin məlumatlarda aksiyaların Bakı şəhərində və respublikanın digər bölgələrində növbəti keçirilmə vaxtları elan edilmiş, vətəndaşları kütləvi iğtişaşlara təhrik etməyə cəhdlər göstərilmiş, ayrı-ayrı vəzifəli şəxslər ağır cinayətlərdə ittiham edilmiş, həmçinin müxtəlif dövlət strukturları və onların rəhbərləri haqqında həqiqətə uyğun olmayan və böhtan xarakterli informasiyalar yayılmışdır.

Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və “Qaynar-media” MMC-nin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişlər.