Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-07-23
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2013-cü ilin I yarısı ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir

İyulun 23-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2013-cü ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə inamla həyata keçirilən müdrik və uzaqgörən dövlət siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi 2013-cü ilin I yarısında da bütün sahələrdə yenidənqurma işləri davam etdirilmiş, mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır. Dövlət başçısının siyasi iradə, əzm və qətiyyəti hesabına korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılmışdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmiş, sənədə əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır.

Dövlət başçısının sədrliyi ilə 12 fevral 2013-cü il tarixdə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda mənfi halların, korrupsiyanın aradan qaldırılması ilə bağlı rəsmi strukturlar və dövlət qulluqçuları üçün fəaliyyət proqramı xarakteri daşıyan çıxışı prokurorluq orqanları  qarşısında çox mühüm və məsul vəzifələr qoymuş, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin  gücləndirilməsini, mübarizə üsullarının  daha da təkmilləşdirilməsini zəruri etmişdir.

Cari il  iyulun 18-də Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan korrupsiyaya qarşı mübarizənin müsbət qiymətləndirildiyini bildirməklə yanaşı, bir daha korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə fəallığın artırılmalı və cəza, inzibati və digər tədbirlərin tətbiq edilməli olduğunu vurğulamış, hər bir dövlət məmurunun bu istiqamətdə məsuliyyətini və rolunu artırmasını xüsusi qeyd etmişdir.

Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək 1 fevral 2013-cü il tarixli qanunla Milli Məclis tərəfindən qəbul edilmiş, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda korrupsiya hüquqpozmalarına görə fiziki və hüquqi şəxlərin məsuliyyətini müəyyənləşdirən norma 30 aprel 2013-cü il tarixli qanunla yeni redaksiyada verilməklə daha da təkmilləşdirilmişdir.

Qeyd edilməlidir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ilin I yarısında da uğurla davam etdirmişdir.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1.522 müraciətinə baxılmış, həmçinin 166 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir. 

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil olmuş, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilmişdir.

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanmışdır. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. 

Cinayət işləri torpaq sahəsi ayrılması üçün Nurəddin və Seyfəddin Dövlətovlar tərəfindən qohumlarını cinayət məsuliyyətindən azad etmək üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Tədqiqat İdarəsinin müstəntiqinə 35.0 min ABŞ dolları məbləğində rüşvət vermələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin və həmin şöbənin baş mütəxəssisi Yusif Dadaşovun torpaq sahəsinin ayrılması üçün vətəndaşdan 10.0 min manat, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Nazim Dadaşovun həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənəd verilməsi müqabilində vətəndaşdan 8.0 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı TSEK-in sədri İmran Məmmədovun ömürlük əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 1.500 manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olmuşdur.

2013-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 1 şəxs barəsində 1  iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq,  73  şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olmuşdur. 

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460.0 min manat ziyandan istintaq müddətində 7 milyon 961.0 min  manat və ya 48,4 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə aparıldığından idarənin Mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstərmişlər. 

2013-cü ilin I yarımili ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 

Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. Hesabat dövrü ərzində Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmişdir.

Belə ki, Meksika Birləşmiş Ştatları tərəfindən həmin Konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan Respublikası müəyyən edildiyinə görə cari ilin aprel-may ayları ərzində sözügedən dövlətin özünü dəyərləndirmə hesabatının qiymətləndirilməsi üzrə iş bölgüsü aparılmış, qeyd olunan həcmli hesabat idarənin əməkdaşları tərəfindən öyrənilərək müxtəlif sual və qeydləri özündə əks etdirən ekspert rəyi hazırlanmışdır.

Hesabat dövrü ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əlaqələr genişləndirilmiş, 3-7 iyun 2013-cü il tarixlərdə ərzində Azərbaycan Respublikasının iştirakçısı olduğu təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində həmin qurumdan, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti dövlət qurumları, qeyri-hökumət təşkilatlarının Məlumat şəbəkəsinin nümayəndələri ilə səmərəli və işgüzar görüşlər keçirmişlər. Həmin görüşlər zamanı ölkəmizin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) verdiyi tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, ölkəmizdəki korrupsiyaya qarşı mübarizə səviyyəsinin mövcud durumu və qarşıda duran institusional islahatlar və perspektivlər müzakirə edilmiş, nümayəndə heyəti ilə geniş fikir mübadiləsi aparılmışdır.

Keçirilmiş görüşlərdə nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizədə fəallıq göstərilməsinin zəruriliyi vurğulanmış, eyni zamanda son illərdə bu istiqamətdə görülmüş işlər, həyata keçirilmiş qanunverici və praktiki tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və onun nəzdnində "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Bundan əlavə, hesabat dövrü ərzində Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir.

Belə ki, qurumun Azərbaycan Respublikası üzrə 3-cü raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları mütəmadi olaraq həmin tövsiyələrin icrasını diqqətdə saxlamış və zəruri tədbirlərin görülməsini təmin etmişlər. İdarə tərəfindən səlahiyyətli orqanlara məlumat vermiş aktiv rüşvət verən şəxslərin cəzadan avtomatik və tam olaraq azad edilməsi məsələsinə dair  müvafiq normativ-hüquqi aktların layihələri hazırlanmışdır.

Hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (İAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 12-14 aprel 2013-cü il tarixlərdə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) Prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən "Anlaşma Memorandumu" imzalanmışdır. Çao Cianminq Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) vitse prezidenti, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovla görüşərək ölkələrimiz arasında ədliyyə və məhkəmə-hüquq sistemi, həmçinin İAACA çərçivəsində gələcək əməkdaşlığın istiqamətlərini müzakirə etmişlər.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi korrupsiyaya qarşı mübarizə sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş, mühüm elmi araşdırmalarla məşğul olan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə də əməkdaşlığını uğurla davam etdirmiş, ötən dövr ərzində idarənin əməkdaşları qurumun seminar və konfranslarında fəal iştirak etmişlər.

2013-cü ilin I yarımilliyi ərzində İdarə tərəfindən həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində Demokratiya, yaxşı idarəçilik və Sabitlik üzrə Birinci çoxtərəfli Platformanın nəzdində yaradılmış "Korrupsiyaya qarşı mübarizə üzrə Panel", Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə İdarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv iştirak etmişlər.

İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilmişdir. 

Cari il iyulun 18-də dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir. 

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 2013-cü ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.