Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-12
Azəri-Press Agentliyi (APA) xəbərdarlıqlardan nəticə çıxarmır

 Azəri-Press Agentliyi (APA) tərəfindən sentyabrın 12-də Baş prokuror yanında  Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşərək xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan və real faktlara söykənməyən informasiya dərc edilmişdir.

     Göstərilənlərlə əlaqədar bildiririk ki, agentlik tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud surətdə pozularaq sensasiya naminə yayılmış bu məlumatlar vəzifəli şəxsin nüfuzuna xələl gətirmək və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.

     Həmin informasiya dərc edilməzdən əvvəl məlumatın düzgünlüyünün dəqiqləşdirilməsi məqsədi ilə agentliyin əməkdaşı Fuad Cəfərov Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət etmişdir. E.Sultanov öz növbəsində informasiyanın düzgün olmaması və bu səbəbə görə də məlumatın dərc edilməməsi barədə agentliyin əməkdaşına xəbərdarlıq etməsinə baxmayaraq informasiya qərəzli şəkildə APA-nın bugünkü xəbər lentində və həmin agentliyə istinadən digər KİV-lərdə yayılmışdır.

     Məlumat üçün bildiririk ki, sentyabrın 11-də baş vermiş yüngül qəza zamanı Ə.Nağıyev ümumiyyətlə həmin avtomobildə olmayıb, onun sürücüsü isə hadisə nəticəsində heç bir xəsarət almamışdır.

     Qeyd edilən qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməlidir. Qanunun 60-cı maddəsinə görə isə kütləvi informasiya vasitəsinin rəhbəri yayımlanan məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyır.

     Gələcəkdə belə halların təkrarlanmaması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülməsi məqsədi ilə Azəri-Press Agentliyində (APA) dərc olunmuş məqalə Azərbaycan Mətbuat Şurasına göndərilmişdir.