Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-13
Baş prokuror Ağcabədidə vətəndaşları qəbul etmişdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov 2013-cü il sentyabrın 13-də Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişdir.

Gün ərzində aparılmış qəbul zamanı Baş prokuror 60-dan artıq vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini nəzərdən keçirərək bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir. Prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır.

Daha sonra qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilmiş, vətəndaşların müraciətlərinə ciddiliklə baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.