Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-21
Qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır

Sentyabrın 18-də saat 14 radələrində paytaxtın Suraxanı rayonunun, Hövsan qəsəbəsi ərazisində su kanalından 20-25 yaşlarında, üzərində xəsarətləri olan naməlum qadın meyitinin aşkar olunması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadın meyitinin 1991-ci il təvəllüdlü Namazova Şəbnəm Kərəm qızına məxsus olması müəyyən edilmişdir. 

Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1988-ci təvəllüdlü Əliyev Şahin Mirsəməd oğlu tutularaq istintaqa cəlb olunmuşdur. 

Ş.Əliyev sentyabrın 18-də səhər saatlarında qeyri-rəsmi nikahda yaşadığı Ş.Namazova ilə metropolitenin “Koroğlu” stansiyası yanında görüşərək avtobusla birgə Yeni Suraxanı qəsəbəsinə Zeytun Bağları adlanan əraziyə gəlmişlər. Orada aralarında yaranmış mübahisə zamanı Ş.Əliyev Ş.Namazovanın boğaz nahiyəsindən yumruqla iki dəfə vurub ölməsini yəqin etdikdən sonra meyiti yaxınlıqda axan su kanalına atmaqda şübhəli bilinir. 

Hazırda iş üzrə istintaq davam etdirilir.