Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-27
Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur

23-25 sentyabr 2013-cü il tarixlərdə Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclası keçirilmişdir.

OECD üzv ölkələrinin, o cümlədən ABŞ, Türkiyə, Qərbi və Şərqi Avropa ölkələrinin, ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların təmsil olunduğu tədbirlərdə Azərbaycan Respublikasını  layihənin ölkəmiz üzrə  milli əlaqələndiricisi - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, layihə üzrə milli ekspert - idarənin böyük prokuroru Elnur Musayevdən ibarət nümayəndə heyəti təmsil etmişdir. Təşkilatçıların dəvəti ilə tədbirlərdə həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi - Korrupsiyaya qarşı mübarizə Qeyri Hökumət Təşkilatlarının Məlumat Şəbəkəsinin əlaqələndiricisi - Konstitusiya araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev iştirak etmişdir.

2012-ci ilin dekabr ayında Yüksək Səviyyəli Görüşdə qəbul olunan qərara əsasən 12-ci Monitorinq Görüşündə Azərbaycanın üçüncü raund dəyərləndirilməsinə dair hesabatı dinlənilmişdir.

Azərbaycanda  ölkə rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nı, əsas istiqamətləri dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların  tətbiqinin dəstəklənməsi olan  Açıq Hökumətin təşviq edilməsinə  dair Milli Fəaliyyət Planı, korrupsiya hüquqpozmalarının aşkar edilməsi, təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində nailiyyətlər,  qabaqlayıcı təbdirlər, o cümlədədən mühüm antikorrupsiya tədbiri kimi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin yaradılması  diqqətə çatdırılmışdır.

Cari ilin birinci rübündə Azərbaycan hökumətinin müvafiq suallar toplusuna uyğun hazırladığı hesabat layihəsindən irəli gələn məsələlərin aydınlaşdırılması məqsədilə Şəbəkənin Katibliyi və Rumıniya, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan olan ekspert qrupu 3-7 iyul tarixlərdə Bakıya müşahidə səfərini həyata keçirərək bir sıra dövlət qutumları və qeyri-hökumət təşkilatları, özəl sektor, xarici və beynəlxalq nümayəndəliklərin üzvləri ilə ğörüşmüşlər. Bunların nəticəsində hazırlanmış, özündə əvvəlki, yəni ikinci raund dəyərləndirmənin nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətini müəyyən edən qiymətlərini və yeni tövsiyələri əks etdirən hesabat layihəsi əvvəl ekspertlər qrupu ilə müzakirə edilmiş, daha sonra isə iki oxunuşda Monitorinq Görüşündə üzv ölkələrinin nümayəndələrinin müzakirəsinə çıxarlaraq qəbul edilmişdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin strateji təşkili, bu prosesdə vətəndaş cəmiyyətinin  iştirakı, tədqiqatların və sorğuların aparılması, treninqlərin təşkili, ixtisaslaşmış qurumların səmərəliliyinin artırılması, korrupsiya əməllərinə görə cinayət məsuliyyətinin və hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə məsuliyyətinin nəzərdə tutulması, müsadirənin tətbiqinin gücləndirilməsi, satınalmalarda və məhkəmə sistemində korrupsiyanın qarşısının alınması, dövlət qulluğunda və siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığın artırılması, özəl sektorda dürüstlüyün təşviqi sahələrində verilmiş tövsiyələrin icrası qənaətbəxş hesab edilmişdir.

Antikorrupsiya Şəbəkəsi tərəfindən ölkəmizin antikorrupsiya qanunvericiliyinin və onun icra səviyyəsinin icrası, Korrupsiyaya qarşı mübarizə idarəsinin modeli uğurlu nümunə kimi tanınmış, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti təqdirəlayiq təcrübə olaraq göstərilmişdir.

Monitorinq Görüşündə həmçinin Gürcüstanın üçüncü raund dəyərləndirilməsinə dair hesabatları və Şəbəkənin digər üzvlərinin, o cümlədən Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan və Ermənistanın dövrü hesabatları dinlənilmişdir.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur. OECD təşkilatının və Şəbəkənin vəzifəli şəxslərinin hesabatın ölkə ictimaiyyətinə təqdim edilməsi məqsədi ilə yaxın vaxtlarda Azərbaycana səfər etmələri nəzərdə tutulur. Bu təcrübə təşkilat tərəfindən müəyyən edilmiş  prosedur qaydalara əsasən bütün üzv ölkələrdə həyata keçirilir.

Tədbir zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri əks etdirən buklet və nəşrlərin iştirakçılar arasında yayılması təmin edilmişdir.

Sonda ölkələrə verilmiş tövsiyələrin icrası yolları müzakirə olunaraq bu sahədə beynəlxalq qurumlarla birgə layihələrin həyata keçirilməsi qərara alınmışdır.