Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-30
Hərbi Prokurorluqda “Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Sentyabrın 28-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 95-ci ildönümü münasibətilə "Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanlarının 95 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək formalaşdığını, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etdiyini, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində xidmətlər göstərdiyini vurğulamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə müstəqil dövlətin təsisatı kimi qısamüddətli fəaliyyətinə son qoyulan, SSRİ-nin tərkibində mahiyyətcə sinfi xarakter daşıyan, dövlətin siyasi məqsədlərinə xidmət edən, anarxiya və xaos dövrü kimi səciyyələndirilən 1991-1992-ci illər və 1993-cü ilin birinci yarısını əhatə edən dövr ərzində öz fəaliyyətini qanun çərçivəsində qura bilməyən Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən ardıcıl islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti, dövlət səviyyəsində qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Xanlar Vəliyev bildirmişdir ki, yalnız Heydər Əliyevin Azərbaycanda hakimiyyətə xilasedici qayıdışından sonrakı dövrdə dövlət səviyyəsində həyata keçirilmiş tədbirlər sayəsində prokurorluq orqanlarına qarşı tələbkarlığın artırılması, onun kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması, prokurorluğun maddi-texniki təminatının daha da möhkəmləndirilməsi nəticəsində prokurorluğun fəaliyyətində əsaslı dönüş yaradılmışdır. Dövlətimizin başçısının hərtərəfli dəstəyi ilə həyata keçirilən mütərəqqi islahatların nəticəsidir ki, bu gün prokurorluq orqanları normal fəaliyyət üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil dövlət təsisatına çevrilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bu sahənin əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən hadisədir.

Hərbi prokuror ölkə rəhbərliyi tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərildiyini, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü qeyd etmişdir. X.Vəliyev prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın xüsusi əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki fəaliyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Dövlət Proqramına müvafiq olaraq Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində xüsusi istintaq və maddi texniki təminat şöbələri yaradılmış, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılaraq fəaliyyətə başlamışdır. Bu istiqamətdə görülən işlər sırasında prokurorluq əməkdaşlarının və onların ailə üzvlərinin sosial müdafiəsinin, pensiya təminatının daha da gücləndirilməsini, onlara dövlət qayğısının artırılmasını təmin edən "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına edilmiş dəyişikliklər və əlavələri qeyd etmək olar.

Digər hüquq mühafizə orqanları kimi, hərbi prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etmişdir və bundan sonra da bütün mümkün tədbirləri görəcəkdir. Dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük həcmli işlər görülməklə, çoxsaylı yeni inzibati binaların tikintisi və əsaslı təmirinin həyata keçirilməsi təmin olunmuşdur.
Konfransda Azərbaycan Respublikası hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı Nihad Şixəliyev və Bakı hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Müşfiq Məmmədov çıxış edərək prokurorluq orqanlarına göstərilən diqqət və qayğıdan danışmışlar.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransa yekun vurmuşdur.