Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-10-03
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir

Oktyabrın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

Tədbir cari ilin 9 ayı ərzində idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə  geniş ictimaiyyətin məlumatlandırılması və Baş  prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası ilə tanışlıq məqsədilə təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə açan Baş  prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bildirdi ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsi, hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılması, müasir binaların  inşasına təkan vermişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası Dövlət Başçısının 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı"nın icrası qaydasında milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmişdir. Binada  əməkdaşları korrupsiya əleyhinə ciddi mübarizə aparılması və bu sahədə  uğurlu nəticələr əldə edilməsi üçün hər cür şərait yaradılmışdır. 

Diqqətə çatdırıldı ki, mütəşəkkil cinayətkarlığın  təhlükəli təzahürlərindən olan korrupsiya sosial problem olduğuna görə  onunla mübarizə hamılıqla aparılmalı, onunla mübarizə  təkcə dövlət orqanlarının deyil cəmiyyətin hər bir üzvünün vəzifəsinə çevrilməlidir. Bu baxımdan  son illər dövlət həyatının bütün sahələrində  əhəmiyyətli təsir vasitəsi olan  vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizənin  əhəmiyyətli elementlərinə çevrilmiş və bu mübarizənin  önündə gedirlər. İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə  vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına  xüsusi önəm verilir. 2011-ci il aprelin 15-də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı üzrə Mübarizə Komissiyası, Baş Prokurorluğun  və korrupsiya ilə mübarizə aparan  QHT-lərin  məlumat və əməkdaşlıq şəbəkəsinin  təşəbbüsü ilə  korrupsiyaya qarşı mübarizə ilə bağlı forum, idarə və qeyd olunan şəbəkə  arasında imzalanmış anlaşma memorandumu, bu əməkdaşlığın təzahürlərindəndir. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli dialoqun qurulması, dövlət başçısının  korrupsiyaya qarşı mübarizə sahəsində  müəyyən etdiyi siyasətin  daha səmərəli şəkildə  həyata keçirilməsində mühüm vasitədir.


Bildirildi ki, korrupsiyaya qarşı səmərəli mübarizə 2013-cü ili 9 ay ərzində uğurla davam etdirilmişdir. Qabaqlayıcı tədbirlərlə vəhdətdə həyata keçirilən inzibati  tədbirlərin kəsəri artırılmışdır. Bu müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən "161-nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 3915 müraciət  daxil olmuşdur. İdarədə araşdırılmış 307 müraciətdən 21 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 1078 müraciət təmin edilmişdir.

Korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilmişdir. Digər müraciətlər "Vətəndaşların müraciətlərinə baxılması haqqında" qanunun tələblərinə müvafiq olaraq  aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müvafiq nazirlik, dövlət komitəsi və digər qurumlara göndərilmişdir.

Cari ilin  doqquz ayı ərzində  idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi  başlanmışdır.

Ötən dövr ərzində idarədə cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanmış, o cümlədən cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılmışdır.

2013-cü ilin son doqquz ayı ərzində idarənin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılmış, təqsirləndirilən şəxslərdən bəraət alanı olmamışdır. İstintaqı başa çatdırılmış  cinayət işləri üzrə  3 milyon 358 min manat dəyərində əmlak üzərinə  həbs qoyulması təmin edilmişdir.

İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilmişdir.

2013-cü ilin 9 ayı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.


Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir. Eyni zamanda bir sıra hallarda qanun pozuntularından çəkindirmək məqsədilə "Prokurorluq haqqında" qanuna əsasən vəzifəli şəxslərə  rəsmi xəbərdarlıq edilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu müddət ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmiş, Meksika Birləşmiş Ştatları tərəfindən həmin Konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirilməsi idarənin əməkdaşları tərəfindən aparılaraq müxtəlif sual və qeydləri özündə əks etdirən ekspert rəyi hazırlanmışdır.

06-12 sentyabr 2013-cü il tarixdə Moskva şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının illik yığınçağı və  ümumi konfransında  səlahiyyət müddəti başa çatmış Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi yenidən səs çoxluğu ilə bu mötəbər qurumun icraiyyə komitəsinin üzvü seçilmişdir.120-dən ölkəni birləşdirən və 700-dən çox rəhbər işçilərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev ölkəmizdə uğurlu antikorrupsiya siyasəti  və Azərbaycan brendi olan "Asan" xidmət mərkəzlərinin nailiyyətlərindən danışmışdır.  Tədbir çərçivəsində bir sıra mühüm ikitərəfli görüşlər keçirilmişdir.

23-25 sentyabr 2013-cü il tarixdə Paris şəhərində İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci İclası keçirilmişdir. 2012-ci ilin dekabr ayında Yüksək Səviyyəli Görüşdə qəbul olunan qərara əsasən 12-ci Monitorinq Görüşündə Azərbaycanın üçüncü raund dəyərləndirilməsinə dair hesabat dinlənilmişdir.


İclasda Azərbaycanda  rəhbərliyin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nı, əsas istiqamətləri dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların  tətbiqinin dəstəklənməsi olan  Açıq Hökumətin təşviq edilməsinə  dair Milli Fəaliyyət Planı, korrupsiya hüquqpozmalarının aşkar edilməsi, təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində nailiyyətlər,  qabaqlayıcı təbdirlər, o cümlədən mühüm antikorrupsiya tədbiri kimi Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN" xidmət mərkəzlərinin yaradılması  diqqətə çatdırılmışdır.

Xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsindəsi müvəffəqiyyətlə  keçən ilk ölkə olmuşdur. OECD təşkilatının  və Şəbəkənin vəzifəli əməkdaşlarının qısa müddət sonra hesabatın Azərbaycan ictimaiyyətinə təqdim edilməsi məqsədi Azərbaycana səfər etməsi nəzərdə tutulur. Bu təcrübə təşkilat tərəfindən müəyyən edilmiş  prosedur qaydalara əsasən bütün üzv ölkələrdə həyata keçirilir.

Tədbir zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri əks etdirən buklet və nəşrlərin iştirakçılar arasında yayılması təmin edilmişdir.


Həmçinin diqqətə çatdırıldı ki,   30 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının  açılış mərasimində prokurorluq əməkdaşları ilə görüşərkən ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar vermişdir. Prezident korrupsiyaya qarşı mübarizə istiqamətində möhkəm siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirləri vacibliyini vurğulamış, bu sahədə qabaqcıl  beynəlxalq təcrübənin daim  öyrənilməsi və tətbiq olunmasının zəruriliyini qeyd etmişdir. Dövlət başçısı həmçinin bu sahədə mövcud bütün  beynəlxalq qurumlar , cümlədən Beynəlxalq  Antikorrupsiya Akademiyası   ilə əməkdaşlığı müsbət qiymətləndirərək, daha mühüm  nailiyyətlər əldə olunmasının  vacibliyini bildirmiş, prokurorluq əməkdaşlarının   peşə hazırlığının, xidməti intizamın  dürüstlüyünün  son dərəcə mühüm əhəmiyyət  kəsb etdiyini diqqətə çatdırmışdır. Dövlət başçısının bu tövsiyə və göstərişləri prokurorluq əməkdaşlarına yüksək diqqətin göstəricisi olmaqla  bizi daha məsuliyyətlə fəaliyyət göstərməyə ruhlandırır. Hazırda Baş Prokurorluğun rəhbrliyi tərəfindən həmin vəzifələrin icrası üçün tədbirlər planın hazırlanması barədə prokurorluğun müvafiq qurumlarına, o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsinə konkret tapşırıqlar verilmişdir. 

Vurğulandı ki, Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən bundan sonra da  korrupsiya hüquqpozmalarının qarşısının alınması, təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində ardıcıl və qətiyyətli mübarizə tədbirləri  davam etdiriləcəkdir.

Tədbirdə iştirak edən beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin gördüyü işləri müsbət dəyərləndirdilər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırıldı.

Görüşün sonunda tədbir iştirakçıları Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası ilə tanış oldular və onlara "Azərbaycan Prokurorluğu - 95" kitabı hədiyyə edildi.

Qonaqlar binada yaradılmış şəraiti yüksək qiymətləndirdilər.