Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-06-03
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığlı sərəncamla təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinə müvafiq olaraq Baş Prokurorluğun əməkdaşları mütəmadi olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq və regional təşkilatların proqram və layihələrində fəal iştirak edirlər.

    Beynəlxalq əməkdaşlıq çərçivəsində iyunun 25-27-də Baş Prokurorluğun əməkdaşları Gürcüstan Respublikasının Batumi şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Mərkəzi Asiya üzrə regional nümayəndəliyinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM ilə birlikdə "Çirkli pulların yuyulması və müsadirəsi/qaytarılması ilə bağlı işlərin istintaqı üzrə səmərəli qarışıqlı hüquqi yardım" mövzusunda, həmçinin Latviya Respublikasının Yurmala şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (OSCE) təşkilatçılığı ilə "Korrupsiyanın qarşısının alınması - institusional və sektor səviyyəsində təcrübi tətbiqin və effektiv tədbirlərin artırılması" mövzusunda təşkil olunmuş seminarlarda iştirak etmişlər.

    ABŞ, Rusiya Federasiyası, İsveçrə, Ukrayna, Latviya, Litva, Polşa, Gürcüstan və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorları Ramin Hüseynov, Heydər Məmmədov, Əmir Ocaqverdiyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Rövşən Ağayev təmsil etmişlər.

     Hər iki tədbirdə təqdimatla çıxış edən Baş Prokurorluğun əməkdaşları ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, həyata keçirilmiş qanunverici və institusional tədbirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə və bu sahədə istintaq edilmiş cinayət işləri barədə məlumatlar verməklə seminar iştirakçılarının suallarını cavablandırmış, həmçinin müzakirə olunan mövzularla bağlı səmərəli fikir mübadiləsi aparmışlar.