Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-06-28
Vyetnam Milli Məclisinin nümayəndə heyəti Baş Prokurorluqda olmuşlar

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Qonaqları səmimi salamlayan Baş prokuror xalqlarımız arasında formalaşmış və ildən-ilə genişlənməklə dərinləşən ikitərəfli münasibətlər haqqında söz açaraq hər iki ölkənin müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini xüsusi vurğuladı. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verildi. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu, bu sahədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən görülən işlər, 161 nömrəli «Qaynar xətt» əlaqə mərkəzinin fəaliyyəti diqqətə çatdırıldı. 

Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lun göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirərək, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını qeyd etdi. Azərbaycan və Vyetnam arasında əlaqələrin sıx olduğunu diqqətə çatdıran qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi vurğulayaraq, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri də yüksək qiymətləndirdi. 

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.