Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-20
Peşə liseyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

Bakı şəhər sakininin Abşeron-Binə peşə liseyinində baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

İdarənin əməkdaşları tərəfindən liseyin istehsalat təlimi ustası Şərafət Mehdiyevanın xidməti otağına keçirilən baxış zamanı liseydə təhsil alan tələbələrə məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan 17 ədəd plastik təqaüd kartları aşkar edilmişdir. Araşdırmalarla həmin kartlarla təqaüdlərin liseyin vəzifəli şəxsləri tərəfindən çıxarılaraq mənimsənildiyi müəyyən edilmişdir.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.