Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-17
Baş prokuror Lənkəranda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. 

Baş prokuror Zakir Qaralov mayın 17-də Lənkəran rayon prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul etmişdir. 

Qəbuldan əvvəl Baş prokuror ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir. 

Baş prokuror Zakir Qaralov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında şəhid ailələri, müharibə veteranları və rayonda məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə maraqlanmışdır. 

Həmin gün Baş Prokurorluq tərəfindən 320 şəhid, Qarabağ müharibəsi əlilləri və rayonda məskunlaşmış məcburi köçkün ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar edilmişdir. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir. 

Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapmışdır. 

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilmişdir. 

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən cənub bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.