Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-11
Amnistiya aktının prokurorluq orqanlarında tətbiqi ilə bağlı Baş Prokurorluqda seminar keçirilmişdir

Mayın 11-də Baş Prokurorluqda Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 7 may 2013-cü il tarixli qərarının prokurorluq orqanlarında tətbiqi mövzusunda seminar keçirilmişdir. 

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi, Hüquqi təminat və informasiya idarələrinin, eləcə də Elm-Tədris Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının dövlətimizin daim diqqət mərkəzində olmasını qeyd edərək ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə xilasedici qayıdışından sonra ölkəmizdə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə başlanılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmaqla, humanizm siyasəti çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən əfv və amnistiya təsisatlarının bərpa edilməsi və bu sahədə ən qəti addımların atılmasını xüsusi vurğulamışdır. 

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq əmr imzalanmışdır. 

Seminarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin zəruriliyi vurğulanaraq, onun humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi diqqətə çatdırılmışdır. Eyni zamanda, prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilmişdir. 

Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə səmərəli əməkdaşlığı, qərarın icrası zamanı yarana biləcək məsələlər ətrafında müzakirələr aparılmışdır.