Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-01-08
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu başa çatmışdır

Prokurorluq orqanlarında 2002-ci ildən tətbiqinə başlanılan və Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq  daha da geniş vüsət alan qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin mütərəqqi və şəffaf prosedurlar əsasında formalaşdırılmasına və yüksək peşə hazırlığı, zəngin dünyagörüşü ilə fərqlənən gənc hüquqşünasların prokurorluqda qulluq keçmək arzusunun reallaşmasına geniş imkanlar yaratmışdır.

Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin  19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 100 ştat vahidi üzrə elan edilmiş növbəti müsabiqə ilə bağlı sənədlərin qəbulu 30 dekabr 2013-cü il tarixdə başa çatmışdır.

Müsabiqədə iştirak etmək üçün müraciət etmiş şəxslərdən qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən 373 namizədin sənədləri qəbul edilmişdir.

Sənədlərini təqdim etmiş namizədlərin peşə hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə müsabiqənin aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət mərhələləri cari ildə təşkil ediləcəkdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə      keçiriləcək test imtahanının vaxtı, yeri və imtahanla bağlı digər         məsələlər barədə kütləvi informasiya vasitələrində, prokurorluğun                        internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Baş Prokurorluğun Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

Namizədlərin diqqətinə çatdırılır ki, test tapşırıqlarının hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlardan, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasından istifadə edilmişdir.

Əlavə məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və     492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.