Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-01-17
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçiriləcəkdir

Yüksək intellektual səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin edən və respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, Baş Prokurorluq tərəfindən gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.

Vakant 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 31 yanvar 2014-cü il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) keçirilməsi nəzərdə tutulur.

Prokurorluğa işə qəbulla bağlı müsabiqəyə buraxılmış 373 namizəd 28-29 yanvar 2014-cü ildə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcəkdir.

Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 09 yanvar 2014-cü il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilmişdir.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.