Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-09
Baş Prokurorluq təkzib edir

     Son günlər bəzi kütləvi informasiya vasitələrində 1993-cü il təvəllüdlü Nülufər Məhərrəmovanın Mingəçevir şəhərində, yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etməsi  siyasiləşdirilərək, intihar etməsinə səbəb kimi guya onun "Nida" təşkilatının üzvü olması və sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar şəhər polis şöbəsinə çağırılaraq ona təzyiqlər edilməsi olmuşdur.

      Azərbaycan Baş Prokurorluğu həmin informasiyaları qəti şəkildə təkzib edərək bildirir ki, N.Məhərrəmova mayın 7-də səhər saat 10:00 radələrində yaşadığı mənzildən özünü ataraq hadisə yerində ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanmışdır. Ölümün səbəblərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilmişdir.

      İlkin istintaqla müəyyən edilmişdir ki, N.Məhərrəmova əsaslı səbəblər olmadan mütəmadi olaraq anası ilə mübahisələr edər və valideynlərini xəbərdar etmədən tez-tez Bakıya gələrdi. Səhhətində yaranmış psixoloji pozuntularla bağlı dəfələrlə Mingəçevir və Bakıda, o cümlədən 16 aprel 2013-cü il tarixdə Bakı şəhərində həkim-psixiatrın müayinəsindən keçərək ona müvafiq tibbi yardımlar göstərilmişdir. N.Məhərrəmovanın adına yazılmış reseptlər və müxtəlif adda əsəb sakitləşdirici dərman preparatları onun ailə üzvləri tərəfindən istintaqa təqdim edilmişdir. İstintaq zamanı həmçinin mərhumun şəhər Polis Şöbəsinə çağırılması və ona təzyiqlər göstərilməsi ilə bağlı KİV-lərdə yayılan məlumatlar təsdiqini tapmamışdır.

      Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.