Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-04
Bərdə rayonunda qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılmışdır

Xəbər verildiyi kimi fevralın 1-də saat 13 radələrində naməlum şəxs idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bərdə rayonunda ”Avtomobil” bazarının yaxınlığında yerləşən avtomobil yuma məntəqəsinə gələrək həmin məntəqənin sahibi, 1948-ci il təvəllüdlü Vaqif Əzizovu qəsdən öldürmək məqsədi ilə onun baş nahiyyəsinə odlu silahdan 3 dəfə atəş açaraq hadisə yerindən qaçmış, nəticədə boyun nahiyyəsindən güllə yarası alan V.Əzizov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Həkimlər tərəfindən V.Əzizovun vəziyyəti kafi qiymətləndirilir.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan  “Makarov” tipli tapançaya aid 2 ədəd güllə və 1 ədəd giliz aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə zəruri ekspertizalar təyin edilmişdir.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1986-cı il təvəllüdlü, Bərdə şəhər sakini Xosrov Muradzadə tərəfindən qisas məqsədi ilə törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

X.Muradzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, X.Muradzadənin cinayətdə istifadə etdiyi odlu silahın tapılması istiqamətində tədbirlər görülür.