Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-06
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə seminar keçirilmişdir

Fevralın 6-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində “Korrupsiyaya qarşı mübarizədə prokurorluğun rolu və əsas vəzifələri” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Baş prokurorun birinci müavini Rüstəm Usubov, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, idarənin əməkdaşları, rayon, şəhər və ərazi hərbi prokurorları iştirak etmişlər.

Seminardan əvvəl tədbir iştirakçıları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin inzibati binasının foyesində  ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək unudulmaz xatirəsini ehtiramla yad etmiş, daha sonra bina ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm Usubov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş sistemli və davamlı tədbirlər barədə ətraflı məlumat verməklə prokurorluq orqanlarının korrupsiya ilə mübarizəni fəaliyyətinin prioritet xətt kimi müəyyən etdiyini bildirmişdir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini və prokurorluq orqanlarının əməkdaşları qarşısında mühüm vəzifələrin durduğunu bildirən natiq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklərinə əminliyini ifadə etmişdir.


Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, o cümlədən prokurorluq orqanları tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar gözlənilən nəticələr barədə ətraflı məlumat vermişdir.

Seminarda həmçinin, idarənin şöbə rəisləri Vüqar Əliyev və Elşən Abbasov  dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə ilə bağlı prokurorluq orqanlarının əsas vəzifələri və prokurorluq əməkdaşları tərəfindən Etik Davranış Kodeksinin tələblərinə əməl edilməsinin vəziyyəti barədə çıxışlar etmişlər.