Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-13
Təhsil sahəsində korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir

Ölkəmizdə müasir təhsil sisteminin formalaşdırılması və beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.

Təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizəni daha səmərəli təşkil etmək məqsədilə dövlətimizin başçısının verdiyi göstərişlər bu istiqamətdə təxirəsalınmaz tədbirlərin daha sistemli, davamlı və kompleks xarakter daşımasını şərtləndirmişdir.

Belə ki, Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.

Kollecin direktor əvəzi Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 11 fevral 2013-cü il tarixdə 450 manat məbləğində rüşvəti təhsil müəssisəsinin inzibati binasında vasitəçidən istifadə etməklə özü üçün alarkən cinayət başında yaxalanmasında və qeyd edilən əməli törətməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən  müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal, 59 ədəd plastik ödəmə kartı və həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqləri, şəxsiyyət vəsiqələri, “Ədalət və Qanun” qəzetinin redaktoru işləməsi barədə özünə aid vəsiqə və digər sənədlər, eyni zamanda yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülmüşdür.

S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda tələbələrin adlarının qarşısında pul məbləğləri qeyd olunmuş jurnal, təqaüd kartları və əldə edilmiş digər sənədlər əsasında kollecdə sistemli rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.