Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-04-22
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

Aprelin 16-18-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 13-cü Monitorinq Görüşü keçirilmişdir.

OECD üzv ölkələrinin, o cümlədən, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, BMT, ATƏT, Avropa Şurası, Dünya Bankı və digər beynəlxalq təşkilatların təmsil olunduğu tədbirdə Azərbaycan Respublikasını  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev və həmin şöbənin prokuroru Sahib İsmayılovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.

Monitorinq Görüşündə Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin dövri hesabatları  dinlənilmişdir.

Azərbaycanla bağlı hesabatın dinlənilməsi zamanı R.Əliyev çıxış edərək dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası və bununla əlaqədar hazırlanmış qanun layihələri, korrupsiya hüquqpozmalarının aşkar edilməsi, təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əldə edilmiş nailiyyətlər, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə  ətraflı məlumat vermişdir.

Antikorrupsiya Şəbəkəsinin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə kimi Azərbaycan Respublikasına ötən ilin sentyabr ayında verilmiş tövsiyələr üzrə qısa müddət ərzində görülmüş işlər və əldə edilmiş nailiyyətlər qurum tərəfindən qənaətbəxş hesab edilmiş, son 6 ay ərzində tövsiyələrin icrası istiqamətində atılmış addımlar təqdirəlayiq hal kimi yüksək qiymətləndirilmişdir.

Tədbirdə həmçinin, Tacikistan Respublikasının üçüncü raund dəyərləndirilməsinə dair hesabatı üzrə müzakirələr aparılmış, monitorinq qrupunun tərkibində ekspert qismində iştirak etmiş R.Əliyev tərəfindən hesabata dair rəy və təkliflər verilmiş, müzakirə olunan məsələlərə dair münasibət bildirilmişdir.

Tədbirin sonunda şəbəkənin 2014-cü il üçün iş planının icra vəziyyəti müzakirə edilmiş və iştirakçı tərəflərin gələcək fəaliyyəti müəyyən edilməklə  qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilmişdir.