Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-19
Hadisə yerindən qaçmış sürücü barəsində həbs qətimkan tədbiri seçilmişdir

Xəbər verildiyi kimi aprelin 17-də saat 21:30 radələrində Zaqatala şəhərində naməlum sürücü idarə etdiyi avtomobillə 1937-ci il təvəllüdlü Bakı şəhər sakini Telman Qarəhmədovu vuraraq hadisə yerindən qaçmış, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi "Niva" markalı avtomobillə hadisəni törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Həmzət Həsənov tutulmuşdur.

H.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.