Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-15
Ağdaş rayonunda baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanmışdır
Aprelin 12-də Ağdaş rayonu ərazisində fəaliyyət göstərən "Ləki" restoranında Şöhrət Həsənovun mübahisə zəminində travmatik tapança ilə Ehtibar Qasımova atəş açaraq xəsarət yetirməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə baxış keçirmiş və digər zəruri prosesual hərəkətlər yerinə yetirmişlər.

Baxış zamanı hadisə yerindən 1 ədəd travmatik tapança, üç ədəd giliz və mətbəx bıçağı aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, aprelin 12-də saat 17:00 radələrində "Ləki" restoranında Ucar rayon sakini Mehman Məmmədov, Göyçay şəhər sakinləriEhtibar Qasımov və İlqar Əliyev yeyib-içən zaman sonuncu telefon vasitəsi ilə Ağdaş rayon sakini Şakir Səmədovu restorana dəvət etmişdir. Ş.Səmədov Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənovla birlikdə yeməkxanaya gələrək kabinetə daxil olan zaman sonuncu əvvəllər aralarında yaranmış münaqişə ilə əlaqədar üstündə gəzdirdiyi travmatik tapança ilə E.Qasımova 3 dəfə atəş açaraq xəsarət yetirmişdir.

Yaralı vəziyyətdə yeməkxananın həyətinə çıxan E.Qasımov masanın üstündən götürdüyü şərab şüşəsini Ş.Həsənovun başına vuraraq xəsarət yetirmişdir. Sonradan hadisə yerinə gələn Ağdaş rayon sakini Pərviz Ağayev idarə etdiyi avtomaşınla Ş.Həsənovu tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Həsənov və E.Qasımov tutularaq istintaqa cəlb olunmuşlar.

Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Ş.Həsənova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs, E.Qasımova isə həmin məcəllənin 221.3-cü (xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.