Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-06-18
Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu ilə əməkdaşlıq uğurla davam etdirilir

İyunun 16-17-də Strasburqda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 64-cü plenar iclası keçirilmişdir.

Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Azərbaycanın GRECO-dakı nümayəndə heyətinin üzvü Kamran Əliyev təmsil etmişdir. 

İclasda GRECO-ya üzv ölkələrin nümayəndə heyətləri və beynəlxalq təşkilatların əməkdaşları iştirak etmişlər. 

Plenar iclasda çıxış edən K.Əliyev Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar cari il iyunun 30-dan iyulun 1-dək Bakıda Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Avropa Şurasına üzv ölkələrin Baş prokurorlarının, Ədliyyə nazirlərinin və müstəqil antikorrupsiya qurumlarının rəhbərlərinin qatılacağı “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçiriləcək yüksək səviyyəli beynəlxalq konfransa dair, habelə həmin tədbirdə müzakirə olunacaq mövzular, iştirak edəcək qonaqlar və digər təşkilati məsələlər barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.

Plenar iclasda çıxış edənlər Azərbaycanda keçiriləcək beynəlxalq konfransın zəruri tələblər səviyyəsində təşkil olunacağına əminliklərini bildirərək tədbirdə Avropa Şurasına üzv ölkələrin Baş prokurorlarının, Ədliyyə nazirlərinin və müstəqil anti-korrupsiya qurumlarının rəhbərlərinin, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etmələrini məmnunluqla qarşılamışlar.