Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-04-12
Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çin  Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) Prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda Çin  Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilmiş və müzakirələrin nəticəsi olaraq  ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən «Anlaşma Memorandumu» imzalanmışdır.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Cin xalqının ümummilli liderləri Heydər Əliyev və Dzyan Dzemin, sonrakı illər ərzində isə dövlət başçıları cənab İlham Əliyev və cənab Hu Cintaonun misilsiz xidmətlərini xüsusi qeyd etmişdir.

Məmnunluq hissi ilə diqqətə çatdırılmışdır ki, Çin Xalq Respublikası  Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmiş, öz mövqeyini beynəlxalq qurumlarda bildirmiş, Azərbaycanın BMT-nın Təhlükəsizlik Şurasına üzv seçilməsini qətiyyətlə dəstəkləmişdir.

Azərbaycan Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu  arasında Beynəlxalq Prokurorlar Assosiasiyası və İAACA çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır. Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə, 2006-cı ildə İAACA-nın yaradılması zamanı Azərbaycan bu təşəbbüsü fəal surətdə dəstəkləmiş və bu gün də ölkəmiz həmin təşkilatın işində fəal iştirak edir. 2008-ci ilin mart ayında  İAACA-nın İcraiyyə Komitəsinin iclasının və beynəlxalq konfransın Bakıda keçirilməsi və həmin təşkilatın vitse-prezidenti ölkəmizin ədliyyə naziri  Fikrət Məmmədov olması müsbət hal kimi dəyərləndirilmişdir. Azərbaycan Prokurorluğunun struktrunda Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılmasını və son illər ərzində bu sosial bəlaya qarşı mübarizə sahəsində həmin qurum tərəfindən görülən işləri diqqətə çatdıran Baş prokuror bu sahədə zəruri məlumatları özündə əks etdirən sənədləri qonaqlara təqdim etmişdir.

İnam ifadə olunmuşdur ki, Azərbaycan və Çin Xalq Respublikaları arasında 1999-cu ildə «Əməkdaşlıq haqqında» Sazişin imzalanması ilə təməli qoyulan və bu gün imzalanan «Anlaşma memorandumu» ilə keyfiyyətcə yeni müstəviyə qaldırılan ikitərəfli əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək və tərəflərə öz səmərəsini verəcəkdir.

Görüşdə çıxış edən Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Çao Cianminq göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmiş, ölkəmizin prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını diqqətə çatdırmışdır. Azərbaycan və Çin arasında əlaqələrin sıx olduğunu bildirən qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olmuşlar.