Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-07-17
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2014-cü ilin I yarımili ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir

İyulun 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun müasir keyfiyyət tələblərinə uyğun olaraq yeni müstəvidə mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi cari ilin I yarısında da bütün sahələrdə yenidənqurma işləri davam etdirilmiş, mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılmışdır.

Prezident cənab İlham Əliyevin  27 may 2014-cü il tarixdə Azərbaycanın milli bayramı – “Respublika Günü” münasibətilə rəsmi qəbulda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi aparılmasını, bu istiqamətdə nailiyyətlərin əldə edilməsini və cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində prokurorluq orqanları  qarşısında  çox mühüm vəzifələr qoymuşdur.

Cari il  mayın 14-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması ötən illərdə Avropa ailəsinin üzvü olmaq istiqamətində uğurlu addımlar atan, dünyada nüfuzu gündən-günə artan, demokratik imicini daha da möhkəmləndirən, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verən ölkəmiz üçün əlamətdar hadisə olmaqla  dövlət başçısının Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında Azərbaycanın Nazirlər Komitəsinə sədrlik dövründə insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək  göstərəcəyini qeyd etməklə yanaşı, korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərdən biri olmasını bildirməsi xüsusi vurğulanmışdır. 

Bununla əlaqədar, ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə cari il 30 iyun-01 iyul tarixlərində Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsinin mühüm əhəmiyyəti vardır.

Hesabat dövrü ərzində dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya  qarşı  mübarizənin daha ciddi aparılması üçün son vaxtlar həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini vermiş, ölkədə korrupsiyaya qarşı  mübarizənin daha səmərəli formada  təşkil edilməsinə zəmin yaranmışdır.

Qeyd edilmişdir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2014-cü ilin I yarımili ərzində də uğurla davam etdirmişdir.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılmış, həmçinin 169 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 53%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 2.864 müraciət daxil olmuşdur. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmiş, həmçinin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanmışdır. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Cinayət işləri Ağcabədi Pedoqoji Kollecinin direktoru Sahib Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər Nizami rayonu 117 №-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min manat, “Merac Holdinq”in İdarə Heyyətinin sədri Səbuhi Əliyevin zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olmuşdur.

2014-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 3 şəxs barəsində 2  iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olmuşdur.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min  manat və ya 50,6 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə aparıldığından idarənin Mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstərmişlər.

Hesabat dövrü ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Belə ki, “Korrupsiyaya qarşı  mübarizəyə dair 2012-2015-ci illər  üçün Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icrası qaydasında məktəbəqədər təhsil, bank, ekologiya və digər sahələrdə xarakterik korrupsiya hüquqpozmalarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə dair təkliflər hazırlanaraq aidiyyəti təşkilatlara göndərilmiş,  həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar 30 iyun-01 iyul 2014-cü il tarixdə Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının, ali təhsil müəssisələrinin, QHT-lərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.

Konfransa Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndə, o cümlədən Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin Baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri qatılmışlar.

Hesabat dövrü ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əlaqələr genişləndirilmiş, 17 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsində OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və qurumun İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, ölkəmizin OECD ilə milli əlaqələndiricisi Kamran Əliyev, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin məsul əməkdaşları, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirakı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı keçirilmişdir.

Bundan əlavə, hesabat dövrü ərzində Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir.

Belə ki, 15-18 aprel 2014-cü il tarixlərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) tərəfindən Azərbaycan Respublikasına IV dəyərləndirmə missiyası həyata keçirilmişdir. Tədbirlə əlaqədar GRECO təşkilatının ekspertləri ölkəmizə işgüzar səfər etmişlər.

Dəyərləndirmə missiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası və GRECO təşkilatı tərəfindən hazırlanmış gündəliyə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinin, Parlamentin və Məhkəmə-Hüquq Şurasının üzvlərinin, Konstitusiya Məhkəməsi, Ali məhkəmə və digər instansiya məhkəmələrinin hakimlərinin, müvafiq Nazirliklərin məsul əməkdaşlarının, ali təhsil müəssisələrinin müəllim heyətinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə çoxsaylı görüşlər keçirilmişdir.

Hesabat dövründə Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış və cari ilin 7-10 aprel tarixlərində Assosiasiyanın Prezidenti və Avstriya Baş Prokurorunun müavini cənab Gerhard Yaroş nümayəndə heyəti ilə birlikdə ölkəmizdə işgüzar səfərdə olmuşdur.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş, mühüm elmi araşdırmalarla məşğul olan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə də əməkdaşlığını uğurla davam etdirmiş, ötən dövr ərzində idarənin əməkdaşları qurumun seminar və konfranslarında fəal iştirak etmişlər.

2014-cü ilin I yarımilliyi ərzində idarə tərəfindən həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində Demokratiya, yaxşı idarəçilik və Sabitlik üzrə Birinci çoxtərəfli Platformanın nəzdində yaradılmış "Korrupsiyaya qarşı mübarizə üzrə Panel", Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə İdarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv iştirak etmişlər.

İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilmişdir.

Cari il iyulun 10-da dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  İdarəsinin 2014-cü ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.