Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-07-25
Respublika Hərbi Prokurorluğunda ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

İyulun 25-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2014-cü ilin birinci yarımilində dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub.

Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror qeyd edib ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Cari ilin altı ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb.

Hərbi prokuror qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2014-cü ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, eləcə də qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları ümumiyyətlə qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 99,9 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

Bildirilib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq edilmiş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.

Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qulluğa səhlənkar yanaşma, mülkiyyət əleyhinə cinayətlər və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləş­mələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zə­ru­ri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüv­və­lərdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları ha­zırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Müşavirədə hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bir daha vurğulayıb ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2014-cü il yanvarın 9-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Respublikanın hərbi prokurorluq orqanları 2014-cü ilin birinci yarımilində korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 30 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il iyulun 10-da altı ayın yekunlarına dair iclasındakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır.

Hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 90,7 faizinin istintaq zamanı ödənilməsini təmin ediblər.

Xüsusi vurğulanıb ki, 2014-cü ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işi üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 21 nəfər tapılıb istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilib, nəticədə 980 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 90 təqdimat göndərilib, 105 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 226 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 35 apelyasiya protestinin 63 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 130 məhkəmə prosesi keçirilib.

Cari ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 978 müraciətinə baxılıb, 460 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1459 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1218 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparıblar.

Həmçinin qeyd olunub ki, Respublika Hərbi Prokurorluğu üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Novruz bayramı və Silahlı Qüvvələr Günü münasibətilə hərbi prokurorluq əməkdaşları rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissələrində, həmçinin düşmənlə üzbəüz yerləşən mövqelərdə hərbi qulluqçular qarşısında çıxışlar edib, şəxsi heyətin tibbi, məişət və s. təminatları ilə maraqlanıb, hərbi hissələrə, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr veriblər.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 14 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.

Hesabat dövründə xidməti fəaliyyətlərində fərqlənmiş 12 əməkdaş hərbi prokurorun təqdimatına əsasən baş prokurorun əmri ilə həvəsləndirilib. Hərbi prokurorun əmri ilə 5 işçi vəzifəsində irəli çəkilib, 5 işçi intizam məsuliyyətinə cəlb olunub. Hərbi Prokurorluğun 39 əməkdaşı isə müxtəlif medallarla təltif edilib.

İlin birinci yarısında Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülüb.

Sonra məruzə ətrafında çıxışlar olub.

Müşavirədə çıxış edən respublika hərbi prokurorunun müavini Rasim Kazımov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseynzadə, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Mahir Əliyev və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Əməliyyat müşavirəsində, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq bildirib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.