Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-12-11
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

Dekabrın 11-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan ümummilli liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.

X.Vəliyev bildirmişdir ki, ulu öndər Heydər Əliyevin dahiliyi, zəngin idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir. Ümummilli lider, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğa və formalaşmasına görə, ulu öndər Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikasının Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Çıxışının sonunda Xanlar Vəliyev qeyd etmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə, uğurlu siyasəti daim dəstəkləyəcəkdir.

Mərasim ulu öndərin həyat və fəaliyyətindən bəhs edən "Vətənə, xalqa həsr edilən ömür" filminin nümayişi ilə başa çatmışdır.