Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-12-13
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Rusiya İstintaq Komitəsinin sədri ilə görüşmüşdür

Dekabrın 13-də Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşmüşdür.

Görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Z.Qaralov ölkəmizin son illər ərzində sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulamışdır. Dövlətlərimizin başçılarının siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edən baş prokuror bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirmişdir.

Aleksandr Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətləri qonağın diqqətinə çatdıran Z.Qaralov həmin görüşün məntiqi nəticəsi kimi 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirmişdir.

Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Aleksandr Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.