Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-03-24
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

  Bəzi kütləvi informasiya vasitələrində Moskva Dövlət Universitetinin Bakı filialının müəlliməsinin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilmişdir.

     Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, martın 21-də saat 16 radələrində iki naməlum şəxs Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Moskva Dövlət Universitetinin Bakı filialının orta yaşlı müəlliməsini zorlamağa cəhd göstərmişdir. Müəllimənin müqavimətini qıra bilməyən həmin şəxslər hücuma məruz qalmış qadının sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə onun fotoaparatını, qızıl üzüyünü və qol saatını ələ keçirərək hadisə yerindən qaçmışlar. Həyatı təhlükə altında olan müəllimə öz ləyaqət və şərəfini qoruyub saxlaya bilmişdir.

     Faktla bağlı həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,149.2.1 (bir qrup şəxs tərəfindən zorlamaya cəhd) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.

     Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının "isti izlər"lə birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Abşeron rayonunun Qobu qəsəbə sakinləri Elşad Nərimanov və İlkin Sadıqov tərəfindən törədilməsi müəyyən edilmişdir.

     Davam etdirilən təxirəsalınmaz tədbirlər nəticəsində E.Nərimanov və İ.Sadıqov yaxalanmışlar. Onlardan zərərçəkmişə məxsus əşyalar götürülərək istintaqa təqdim olunmuşdur.

     E.Nərimanov və İ.Sadıqov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.