Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-03-04
Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

Əvvəllər məlumat verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Şahin Əsədovun Bakı şəhər sakinindən ünvanlı sosial yardım təyin edilməsi üçün 200 manat məbləğində pulu rüşvət kimi alması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

Müəyyən edilmişdir ki, rayon ƏSMM-nin direktoru Rəhman Yusifov 2008-2012-ci illər ərzində mərkəzin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun əməkdaşları Şahin Əsədov, Mirabdulla Seyidov, Pərviz Rəhimov və Rəşad Əbilov ilə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə yaradaraq ünvanlı dövlət sosial yardım təyin edilməsi müqabilində mərkəzə müraciət etmiş 174 rayon sakinindən xidməti vəzifələrinin icrası ilə əlaqədar 193 min 354 manat məbləğində külli miqdarda pulu rüşvət kimi tələb edərək 187 min 208 manat pul almışdır.

Bundan başqa öz cinayətkar əməllərini davam etdirən dəstə üzvlərindən Şahin Əsədov, Mirabdulla Seyidov və Pərviz Rəhimov hər biri ayrı-ayrılıqda ünvanlı sosial yardım ayrılmış vətəndaşların etibarından sui-istifadə edib aldatma yolu ilə onların plastik kartlarını ələ keçirərək bankomatlardan ümumilikdə 69 min 729 manat puluçıxarıb külli miqdarda özgə əmlakını ələ keçirərək mənimsəmişlər.

Həmçinin mərkəzin baş mühasibi Gülarə Əhmədova plastik ödəniş kartlarının vətəndaşlara təqdim edilməsini təsdiq edən vərəqələri banka təhvil verilməsi barədə aktlara bilə-bilə yalan məlumatlar daxil edib imzalamaqla vəzifə saxtakarlığı və mütəşəkkil dəstənin dələduzluq və mənimsəmə cinayətləri törətmələrinə şərait yaradıb vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmuşdur.

Mərkəzinin direktor müavini və Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Vüsal Rzayev isə mərkəzin əməkdaşlarına aztəminatlı ailələrə ayrılmış pul vəsaitlərini dələduzluq və mənimsəmə yolu ilə talamalarına şərait yaradaraq vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla səhlənkarlıq etmişdir.

Törətdikləri cinayət əməllərinə görə Şahin Əsədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə və ya israfetmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma), Rəhman Yusifova CM-in 308.2 (vəzifədən sui-istifadə etmə), 311.3.1 və 311.3.3-cü, Pərviz Rəhimova CM-in 178.3.2, 179.3.2, 311.3.1 və 311.3.3-cü, Mirabdulla Seyidova CM-in 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1 və 311.3.3-cü, Rəşad Əbilova CM-in 311.3.1 və 311.3.3-cü, Gülarə Əhmədovaya CM-in 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Vüsal Rzayevə isə CM-in 314.2-ci (səhlənkarlıq) maddələri ilə ittiham elan edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.