Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-09-30
Azərbaycanın və Türkiyənin hüquq mühafizə orqanları arasında əlaqələr genişlənir

Azərbaycanda səfərdə olan Türkiyənin Əsgəri Yarqıtayının (Ali Hərbi Məhkəməsinin) sədri Əhməd Zəki Limanın rəhbərlik etdiyi nümayəndə heyəti respublika hərbi prokuroru Xanlar Vəliyev və prokurorluğun bir qrup əməkdaşı ilə birlikdə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Əhməd Zəki Limanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda olub.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyi, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyi xüsusi vurğulanıb.

Hərbi prokuror son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, hərbi məhkəmələr və hərbi prokurorluq sistemi və onların səlahiyyət dairəsi və fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Nümayəndə heyətinin rəhbəri Əhməd Zəki Liman təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi vurğulayıb.
Əhməd Zəki Liman Türkiyə ilə Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin bundan sonra daim inkişaf edəcəyini bildirib. O, ölkələrimizin hüquq mühafizə orqanları arasında əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Türkiyəli qonaqlar Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, bilik və təcrübələrini bölüşməyə, öz işləri barədə tanışlıq üçün şərait yaratmağa hazır olduqlarını bildiriblər. Bu görüşlərin ölkələrimizin Hərbi Prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına töhfə olacağına əminlik ifadə edilib. Əhməd Zəki Liman bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini, dost Azərbaycana səfərindən xoş təəssüratlar aldığını vurğulayıb.
Hərbi prokuror Xanlar Vəliyev görüşdə, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu, əsir düşmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırıma məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirib.

Nümayəndə heyəti daha sonra Respublika Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı Muzeyində olub. Qonaqlara məlumat verilib ki, bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən qanlı tarixi hadisəni reallığı ilə özündə əks etdirən mərkəzdir.
Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.