Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-03-04
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı
Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində iki nəfəri qəsdən öldürmüş və bir nəfərin sağlamlığına zərər vurmuş, eləcə də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermiş şəxslər tutularaq istintaqa cəlb olunmuşlar.

Belə ki, martın 2-də Taləddin və Elman Zeynalov qardaşlarının odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlərdən ölmələri, Bəhruz Zeynalovun isə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldurmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, istintaq-əməliyyat qrupu yaradılmaqla hadisə yerinə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilmiş, oradan 6 ədəd giliz aşkar edilərək götürülmüşdür.

İstintaqla müəyyən edilmişdir ki, həmin tarixdə saat 15:30 radələrində Türkan qəsəbə sakinləri Cabbar İbrahimov tanışları Xəlifəli Rəhmanov və Mirxalid Rəhimovla birlikdə qəsəbədəki «Qaratəpə» adlanan ərazidə əvvəlcədən aralarında yaranmış narazılığı aydınlaşdırmaq məqsədilə Taləddin, Elman və Bəhruz Zeynalovlarla görüşmüşlər. Orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı C.İbrahimov avtomobilində gətirdiyi qoşalülə ov tüfəngindən Taləddin və Elman Zeynalovlara bir neçə dəfə atəş açmış, sonuncular aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. C.İbrahimov daha sonra Bəhruz Zeynalovun arxasınca qaçaraq qəsdən öldürmək məqsədi ilə ona da atəş açmış, lakin sonuncu xəsarət almasına baxmayaraq oradan qaçdığından C.İbrahimov öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməmişdir.

Martın 3-də cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci, 29, 120.2.7-ci və 221.2.1-ci (xuliqanlıq) maddələrinə tövsif edlərək istintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir.

Cinayətin törədilməsində şübhəli bilinən C.İbrahimov tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci  maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. O, törətdiyi cinayət əməlini tam etiraf etməklə cinayətin aləti olan ov tüfəngini istintaqa təhvil vermişdir.

          Bundan başqa Cinayət Məcəlləsinin 221.2.1 maddəsilə şübhəli bilinən Xəlifəli Rəhmanov və Mirxalid Rəhimov da tutularaq istintaqa cəlb olunmuşlar.

         Hazırda iş üzrə istintaq davam etdirilir.