Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-27
Vəzifəli şəxslərin cinayətkar əməlləri ifşa edilmişdir

Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli və qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Son günlər Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən vəzifəsindən sui-istifadə edən şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilmişdir. 

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. 

Müəyyən edilmişdir ki, Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin rəisi Alim Zeynalov, idarənin rəis müavini Səyyab Cəfərovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətə, yəni vətəndaşın barəsində tərtib olunmuş aktın ləğv edilərək tədbir görülməməsi üçün 2.000 (iki min) manat məbləğində rüşvət tələb etmişdir. 

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 20-də rayon Baytarlıq idarəsinin inzibati binasında A.Zeynalov xidməti otağında Ağcabədi rayon sakinindən 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır. 

A.Zeynalov və S.Cəfərov Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Bundan başqa, Şabran rayon sakininin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri İmran Məmmədovun əlillik dərəcəsinin təyin edilməsi üçün rayon sakinlərindən rüşvət alması barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. 

İdarənin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən komissiyanın inzibati binasında məhkəmənin müvafiq qərarına əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallarla vətəndaşın müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. 

Belə ki, müəyyən edilmişdir ki, fevralın 20-də TSEK-in sədri İ.Məmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar xidməti otağında Şabran şəhər sakini Mircabbar Hüseynovdan bacısı Yeganə Abdullayevaya ömürlük əlillik dərəcəsinin təyini üçün 1.500 manat məbləğində pul tələb etmiş, M.Hüseynov da öz növbəsində həmin məbləği ona rüşvət kimi vermişdir. 

Cinayətkar fəaliyyətini davam etdirən İ.Məmmədov eyni məqsədlə ona müraciət etmiş M.Hüseynovun digər bacısı Qərənfil Abdullayevadan da 1.000 manat məbləğində pulu təkrarən rüşvət kimi almışdır. 

Baxış zamanı İ.Məmmədovun xidməti otağından 3.600 manat pul, müxtəlif şəxslərin adına olan müayinə işləri və digər sənədlər, yaşadığı evdən isə 31 ədəd bankomat kartları və 15.340 manat məbləğində pul aşkar edilərək maddi sübut kimi götürülmüşdür. 

Törətdiyi cinayət əməlinə görə İ.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. M.Hüseynov isə həmin məcəllənin 312.1-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 

Hazırda hər iki cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.