Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-18
İmişli rayonunda törədilmiş cinayətin açılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Fevralın 16-da saat 09:30 radələrində İmişli rayonunun Cəfərli kəndi yaxınlığında, yolun kənarında “VAZ-2107” markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış avtomobildə üzərində kəsilmiş-deşilmiş xəsarət olan yanmış vəziyyətdə naməlum insan meyiti aşkar edilmişdir. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları dərhal İmişli rayonuna ezam edilmiş, onların iştirakı ilə rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə, meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. 

Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. 

İstintaqla müəyyən edilmişdir ki, aşkar olunan meyit taksi sürücüsü kimi fəaliyyət göstərmiş 1967-ci il təvəllüdlü İmişli şəhər sakini Orucov Məsudi Tahir oğluna məxsusdur. 

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hadisənin baş vermə səbəbləri və cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.