Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-14
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində müşavirə keçirilmişdir

12 fevral 2013-cü il tarixdə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət və cəmiyyət üçün aktual olan bir çox məsələlərə toxunmuşdur. Dövlət başçısı yekun nitqində kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə aparılmadığını qeyd etmiş və bu istiqamətdə işin  gücləndirilməsi barədə müvafiq tövsiyə və göstərişlər  vermişdir.

Bununla əlaqədar, fevralın 14-də  Baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində əməliyyat müşavirəsi keçirilmişdir. Baş prokuror qeyd etmişdir ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə  korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və praktiki tədbirlər həyata keçirilmiş, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatlar aparılmışdır. İdarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək  səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanları  qarşısında  çox mühüm və məsul vəzifələr qoyulmuşdur. Bu səlahiyyətlər korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması istiqamətində   səmərəli nəticələr  əldə etməyə zəmin yaratmışdır. Lakin ölkənin güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə bağlı, ictimai həyatın bütün sahələrində yüksəliş dövrünü yaşayan respublikamızda iqtisadiyyatın inkişafına əsas maneələrdən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin  gücləndirilməsini, mübarizə üsullarının  daha da təkmilləşdirilməsini zəruri etmişdir.

Görülmüş işlər barədə hesabatla çıxış edən Baş prokuror yanında  Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə işinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini verdi.

Əməliyyat müavirəsində çıxış edən idarənin aidiyyatı şöbələrinin rəisləri korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyətin səmərəliliyinin yüksəldilməsi ilə bağlı fikirlərini nəzərə çatdırdılar.

Prioritet istiqamətlər müəyyən edilərək, vətəndaşların haqlı narazılığına səbəb olan və onların gündəlik rastlaşdıqları, o cümlədən yerli icra orqanları, bələdiyyə, sosial müdafiə, təhsil, səhiyyə, əmlak, gömrük, torpaq və digər qurumların fəaliyyətində mövcud olan  korrupsiya hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməklə kəsərinin artırılması, təsərrüfat subyektlərinin və  sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən   şəxslərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyi  qeyd olundu.

Vətəndaşların üzləşdikləri korrupsiya hüquqpozmaları ilə əlaqədar idarəyə, o cümlədən «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciətlərinə çevik və qanuna müvafiq qaydada dərhal baxılmaqla təxirəsalınmaz tədbirlərin görülməsi, korrupsiya hüquqpozuntularının aşkar edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpa olunması istiqamətində səylərin artırılması əməkdaşlardan bir daha tələb edildi. Hüquq mühafizə orqanları, o cümlədən prokurorluq əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına yol vermiş əməkdaşlar barəsində   qanunvericiliklə müəyyən olunmuş ən ciddi tədbirlərin görülməsi, dövlət qulluqçularının, o cümlədən idarə əməkdaşlarının "Prokurorluq işçilərinin etik davranış Kodeksi"nə dönmədən əməl etməsi vacibliyi diqqətə çatdırıldı.

Rəhbərlik etdikləri qurumlarda korrupsiya hüquqpozmalarının və vəzifəli şəxslərin yol verdikləri digər neqativ halların qarşını almağa və bununla əlaqədar tədbirlər görməyə rəhbər şəxslərin  bilavasitə məsuliyyət daşımaları barədə Prezident cənab İlham Əliyevin tapşırıqları xüsusi vurğulanmaqla dövlət orqanlarının daxili təhlükəsizlik,  maliyyə-nəzarət və digər araşdırma funksiyalarını  həyata keçirən müvafiq xidmətlərinin məsuliyyət hissinin yüksəldilməsi, aşkar olunmuş korrupsiya hüquqpozmaları barədə materialların tədbir görülməsi üçün təxirəsalınmadan prokurorluğa göndərilməsinın zəruriliyi qeyd olundu.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin  strukturunun  təkmilləşdirilərək korrupsiyaya qarşı mübarizənin günün tələbləri səviyyəsində aparılmasından ötrü daha  da gücləndirilməsi istiqamətində  qısa müddət ərzində təkliflər hazırlanaraq səlahiyyətli orqanlara təqdim edilməsi, vəzifə səlahiyyətlərindən daha səmərəli istifadə olunması, korrupsiya cinayətlərinin aşkar edilməsi üçün  xüsusi təyinatlı müasir avadanlıq və qurğularla təhciz olunması, normativ-hüqiqi aktların  antikorrupsiya ekspertizasından keçirilərək korrupsiya hüquqpozmalarına yol açan müddəaların aradan qaldırılması üçün tədbirlərin görülməsi mühüm vəzifələr kimi müəyyənləşdirildi.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Prezident cənab İlham Əliyevin siyasi iradəsinə və göstərdiyi yüksək etimada  uyğun olaraq prokurorluq,  o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsi  əməkdaşlarının  korrupsiyaya qarşı mübarizə istiqamətində bütün səy və bacarıqlarını səfərbər edəcəkləri, bu sosial bəlaya qarşı ən qətiyyətli  tədbirlərin görülməsinin təmin olunacağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılacağı, ixtisaslaşdırılmış  qurum olan  bu idarənin  işinin ən yüksək  tələblər səviyyəsində   səmərəli  təşkilinin  təmin  ediləcəyini bildirdi.