Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-10-12
Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Oktyabrın 7-dək 9-dək Fransanın Paris şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin 18-ci geniş iclası keçirilmişdir.

Tədbirdə ölkəmizi həmin qurum üzrə milli koordinator - Azərbaycan Respublikası Baş prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev təmsil etmişdir. İclasda quruma daxil olan ölkələrin III dəyərləndirmə raundu üzrə dövrü hesabatları dinlənilmiş, 2016-2019-cu illər üçün nəzərdə tutulmuş IV raund dəyərləndirmənin metodologiyası və iş planı üzrə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən K.Əliyev ölkəmizdə Azərbaycan Respubliasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunvericilik və institusional, habelə bu sahədə son illəri əhatə edən qabaqlayıcı və cinayət təqibi tədbirləri barədə ətraflı məlumat vermişdir.

Çıxışda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumlar olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, bu sahədə cinayət təqibi orqanı funksiyasını yerinə yetirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarə Baş İdarəsinin və preventiv tədbirlər sahəsində ASAN xidmət mərkəzlərinin səmərəli fəaliyyəti xüsusi vurğulanmışdır.

Eyni zamanda OECD-nin III dəyərləndirmə raundu çərçivəsində verilmiş tövsiyələrin icra vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası üzrə hesabat dinlənildikdən sonra çıxışlar zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər yüksək qiymətləndirilmiş, xüsusən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti təqdirəlayiq hesab edilmişdir.

OECD tərəfindən hazırlanmış xüsusi buraxılışlı vəsaitdə Baş İdarə dünya üzrə qabaqcıl antikorrupsiya qurumlarının siyahısına daxil edilməklə əsasnaməsi, strukturu və iş prinsiplərinə həsr edilmiş xüsusi bölmə ayrılmış və qeyd olunan vəsait tədbir iştirakçılarına paylanılmışdır.

ASAN xidmət mərkəzlərinin fəaliyyəti OECD-yə daxil olan ölkələrdə tətbiq edilmiş ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirilməklə bu modelin digər ölkələrdə artıq tətbiqinə başlanıldığı vurğulanmışdır.

Bundan başqa, çıxışda Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olması diqqətə çatdırılmaqla Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə həyata keçirilməkdə olan səmərəli qarşılıqlı əməkdaşlıq, habelə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun qurumun Assambleyasının sədri kimi fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

K.Əliyev cari ilin 12-17 sentyabr tarixlərində İsveçrənin Sürix şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosasiyasının 20-ci illik iclası zamanı korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən prokurorlar üçün xüsusi antikorrupsiya saytının yaradılmasını və bu işin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmasını tədbir iştirakçılarının nəzərinə çatdırmaqla, OECD-nin Antikorrupsiya Şəbəkəsini həmin saytın aparılması ilə bağlı fəal əməkdaşlığa dəvət etmişdir.

Tədbir çərçivəsində qurumun növbəti IV raund dəyərləndirmə prosedurları müzakirə edilmiş, habelə 2016-2019-cu illər üçün iş planı ilə bağlı Azərbaycan Respublikası tərəfindən verilmiş təkliflər nəzərə alınmışdır.

Qurumun Antikorrupsiya Şəbəkəsinin növbəti yüksək səviyyəli görüşünün 2016-cı ilin fevral ayında keçirilməsi barədə qərar qəbul edilmişdir.