Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-10-30
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikası Prokurorluğu “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalarına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Oktyabrın 20-24-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumların nümayəndələri üçün Polşanın Korrupsiyaya qarşı mübarizə üzrə Mərkəzi Bürosu və Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən kurslar təşkil olunmuşdur.

Avstriya, Latviya, Litva, Estoniya, Rumıniya, Xorvatiya və Moldovadan olan 25-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssislər qrupunun rəhbəri Rəşid Mahmudov təmsil etmişdir.

Tədbir çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr və korrupsiya riskləri müzakirə edilmiş, qeyd olunan mövzu ilə əlaqədar R.Mahmudov tərəfindən təqdimat keçirilmişdir. Kurs zamanı həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində mövcüd vəziyyət araşdırılmış, problemli məsələlər öyrənilmiş və inkişaf tendensiyalarının müəyyən edilməsi istiqamətində müzakirələr aparılmışdır.

Bundan başqa, oktyabrın 13-dən 28-dək Malayziya Krallığının paytaxtı Kuala Lumpur şəhərində Malayziya Antikorrupsiya Komissiyasının Akademiyası tərəfindən “İxtisaslaşmış dürüst məmur” adlı Tədris Proqramı keçirilmişdir.

Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Sahib İsmayılov təmsil etmişdir.

Malayziyanın, Böyük Britaniyanın, Avstraliyanın, Sinqapurun və mötəbər beynəlxalq təşkilatların korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, sözügedən ölkələrin bu sahədə müsbət təcrübəsi, qabaqlayıcı tədbirlər, dövlət qulluqçuları üçün etik-davranış kodekslərinin əhəmiyyəti, maraqlar toqquşması və digər mövzularda məruzələr söyləmişlər.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.