Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-01-23
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2012-ci il ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir

Yanvarın 23-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. 

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər. 

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə 2012-ci il ərzində həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətləndirilmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yenidənqurma işləri görülmüş, yüksələn xətlə artan sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmışdır. 

15 yanvar 2013-cü il tarixdə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini müsbət qiymətləndirərək, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr olduğunu, bu siyasətin məqsədyönlü şəkildə davam etdiriləcəyini bildirməklə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da ciddi aparılmalı olduğunu, eyni zamanda institusional və sistem xarakterli tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdir. 

Prezident İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılmışdır. Hesabat ili ərzində bu sahədə bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir. 

Belə ki, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sının 5, 6, 10 və 12-ci maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sının 15 may 2003-cü il tarixli Əlavə Protokoluna sözügedən sənədin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanatla qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək, Prezidentin 30 avqust 2012-ci il tarixli Sərəncamı ilə Əlavə Protokolu Azərbaycan Respublikası adından müvafiq bəyanatla imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Baş prokuroruna həvalə edilmiş və 8 oktyabr 2012-ci il tarixdə imzalanmışdır. 

Eyni zamanda sözügedən Konvensiyaya Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi 1 oktyabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Bundan başqa, Beynəlxalq Antikorrupsiya Akademiyasının “Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Saziş”in imzalanmasına dair ölkədaxili müvafiq prosedurlar həyata keçirilməklə zəruri sənədlər hazırlanmış və cənab Prezidentin 29 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulması barədə Azərbaycan Respublikasının Qanununu imzalaması ilə 3 noyabr 2012-ci il tarixdən ölkəmiz qurumun tam hüquqlu üzvü olmuşdur. 

Əməkdaşlığın davamı olaraq 29-30 noyabr 2012-ci il tarixlərdə Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilmiş ilk Assambleyasında Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunmuşdur. 

Bununla yanaşı, ölkə başçısının 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2012-2015-ci illər üçün nəzərdə tutulmuş “Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları” təsdiq edilmiş, eyni zamanda 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan “ASAN xidmət” mərkəzlərinin yaradılması bu istiqamətdə görülən böyük işlərdir. 

Milli Fəaliyyət Planının icrası ilə əlaqədar idarə tərəfindən hazırlanmış Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı Baş Prokurorluq üzrə müvafiq əmrlə təsdiq edilmiş və Baş prokurorun yanında 8 yanvar 2013-cü il tarixdə keçirilmiş geniş əməliyyat müşavirəsində həmin sənədin icrası barədə göstərişlər verilməklə qarşıda duran vəzifələr müəyyən edilmişdir. 

Qeyd edilməlidir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi isə əvvəlki illərdə olduğu kimi 2012-ci il ərzində də fəaliyyətini uğurla davam etdirmişdir. 

Həmin müddət ərzində İdarə tərəfindən vətəndaşların 1198 müraciətinə baxılmış, həmçinin 229 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 58%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə idarə tərəfindən zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir. 

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 5143 müraciət daxil olmuş, həmin müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilmişdir. Prokurorluq orqanlarına korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bu kateqoriyadan olan cinayətlərin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə etməyə zəmin yaratmışdır. 

Belə ki, hesabat dövrü ərzində törədilmiş və hazırlanan cinayətlər barədə İdarənin əməliyyat qurumları tərəfindən 369 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanmışdır. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. 

Həmin işlər arasında torpaq sahəsi ayrılması üçün Bakı şəhəri, Binə qəsəbə bələdiyyəsinin sədri və onun müavininin 4.500 manat, hesablanmış cərimənin silinməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəis müavininin 1.500 manat, vətəndaşın 2-ci ali təhsil almaq üçün Universitetə qəbul edilməsi məqsədilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliminin 40.000 manat, həmçinin Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkilinin 1.500 ABŞ dolları rüşvət almaları faktı ilə əlaqədar işlər olmuşdur. 2012-ci il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. 

Əvvəlki illərlə müqayisədə hesabat dövrü ərzində korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) ilə istintaq olunan cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu da istintaq və əməliyyat qurumlarının səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Məhkəmələrə göndərilmiş cinayət işlərindən 52 şəxs barəsində 32 iş rüşvət alma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqədar olmuşdur. 

2012-ci il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat manat və ya 49,82% ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür. 

Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı çoxsaylı istiqamətlər üzrə aparıldığından idarənin Mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif peşə sahələri ilə əlaqədar prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyyələr verərək digər şöbələrlə qarşılıqlı fəaliyyət göstərmişlər. 

Hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 

Belə ki, daxil olmuş cinayət xarakterli məlumatların araşdırılması, eləcə də kütləvi informasiya vasitələrində verilmiş yazıların təhlili son vaxtlar çoxmənzilli yaşayış binalarının inşa edilməsi və belə binalarda mənzillərin vətəndaşlara satılması sahəsində kütləvi və ciddi qanun pozuntularına, dələduzluq hallarına yol verildiyini aşkara çıxarmışdır. İdarənin preventiv tədbirlər və təhqiqat şöbəsi tərəfindən 2012-ci ilin aprel ayında “Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə” təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmişdir. 

Hesabat dövrü ərzində korrupsiya ilə barışmaz mübarizə prokurorluq orqanlarında da həyata keçirilmişdir. Belə ki, 2012-ci il ərzində 3 prokurorluq işçisi barəsində 2 cinayət işi istintaq edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilməklə müvafiq ittiham hökmləri çıxarılmışdır. Bundan əlavə korrupsiya hüquqpozmalarına yol vermiş prokurorluq işçiləri barəsində idarənin Daxili Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 4 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılmaqla, onlardan 1-i tutduğu vəzifədən azad edilmiş, 1-i isə prokurorluq orqanlarından xaric edilmişdir. 

Hesabat dövrü ərzində idarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, bu əməkdaşlığın təzahürü kimi 27 yanvar 2012-ci il tarixdə Korrupsiyaya qarşı mübarizə idarəsi və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanmışdır. Bundan başqa, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaşların maarifləndirilməsi çərçivəsində qeyri-hökumət təşkilatı olan Korrupsiyaya qarşı mübarizə Fondu ilə birlikdə “Antikorrupsion yaddaş” bukleti hazırlanmışdır. 

2012-ci il ərzində idarə tərəfindən ingilis dilində “Azərbaycan Respublikasında hüquq mühafizə tədbirləri ilə korrupsiyaya qarşı mübarizə” adlı buklet və məlumat kitabçası, o cümlədən idarənin 2011-ci ildəki fəaliyyətini əks etdirən bülleten nəşr edilmişdir. Qeyd olunan nəşrlərdə idarənin yeni strukturu, funksiyaları, qanunvericilik bazası barədə məlumatlar əks olunmuşdur. 

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir. 2012-ci il ərzində Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilmişdir. 

Belə ki, 12-17 mart 2012-ci il tarixlərdə Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndələri, habelə Qvatemala və Bosniya və Hersoqovinadan təyin edilmiş ekspertləri Azərbaycan Respublikasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının həyata keçirilməsi ilə əlaqədar dəyərləndirmə səfərində olmuşlar. 

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və digər dövlət qurumlarında olmuş, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri və vəkillərlə Konvensiyanın müddəalarının həyata keçirilməsi ilə əlaqədar səmərəli və işgüzar görüşlər keçirmişlər. 

Monitorinqin davamı olaraq 14-16 noyabr 2012-ci il tarixlərdə Konvensiyanın İmplementasiyası üzrə Nəzarət Qrupunun Vyanada keçirilmiş növbəti iclasında ölkəmizin hesabatının təsdiq olunması elan edilməklə bu barədə tərtib edilmiş xülasə üzv ölkələrin nümayəndələri arasında yayılmışdır. Həmin xülasədə ölkəmizdə korrupsiyanın kriminallaşdırılması və qarşılıqlı hüquqi yardım sahələrində görülmüş işlər qənaətbəxş hesab edilmiş, korrupsiyaya qarşı mübarizə işində hüquq mühafizə tədbirləri nümunəvi təcrübə kimi təqdir edilmişdir. 

Eyni zamanda, BMT-nin müvafiq Konvensiyasının implementasiyası çərçivəsində dövlətlərin püşkatma yolu ilə seçimində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilmiş və bu yaxınlarda həmin prosesin başlanması nəzərdə tutulmuşdur. 

Hesabat dövrü ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əlaqələr genişləndirilmiş, qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə 2-ci raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları mütəmadi olaraq həmin tövsiyələrin icrasını diqqətdə saxlamaqla təşkilatın tədbirlərində aktiv iştirak etmişlər. Belə ki, 10-11 dekabr 2012-ci il tarixlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Paris şəhərində keçirilmiş Yüksək Səviyyəli Görüşündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək təşkilatın Azərbaycan Respublikası üzrə 3-cü raund dəyərləndirməsinin başlanmasını dəstəkləmiş və 2013-cü ilin iyun ayının əvvəllərində Bakı şəhərində keçirilməsi planlaşdırılan Monitorinq missiyasının səfəri ilə əlaqədar zəruri tədbirlərin görüləcəyini bildirmişdir. 

Bundan əlavə, 2012-ci il ərzində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir. 

Belə ki, 17-21 oktyabr 2012-ci il tarixlərdə Fransanın Strasburq şahərində keçirilmiş Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 57-ci Plenar iclasında ölkəmiz üzrə 3-cü raund dəyərləndirilməsi çərçivəsində hesabat müzakirəyə çıxarılmaqla qəbul edilmiş, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və əldə edilmiş göstəricilər qənaətbəxş hesab edilmişdir. 

Hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (İAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, qurumun tədbirlərində Assosiasiyanın vitse-prezidenti, Məhkəmə-Hüquq Şurasının sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində ədliyyə və prokurorluq əməkdaşları aktiv iştirak etməklə məruzələrlə çıxış etmiş və ikitərəfli görüşlərdə əməkdaşlığın perspektivlərini müzakirə etmişlər. 

2012-ci ildə idarə tərəfindən Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), TAIEX, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı (GUAM), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində Demokratiya, yaxşı idarəçilik və Sabitlik üzrə Birinci çoxtərəfli Platformanın nəzdində yaradılmış “Korrupsiyaya qarşı mübarizə üzrə Panel”, Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə İdarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və dəyirmi masalarda aktiv iştirak etmişlər. 

Cari il yanvarın 15-də dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir. 

Tədbirdə iştirak edən qeyri-hökümət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 2012-ci il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər. QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.