Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-11-19
Beynəlxalq Assambleyanın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyəti noyabrın 19-da Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, bu gün Bakı şəhərində İACA-nın ali qurumu –üzv dövlətlərin assambleyasının üçüncü sessiyası işə başlayır.

Tədbirə 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı, Korrupsiyaya qarşı Dövlətlər Qrupu, Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri qatılıblar.