Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-11-29
İtkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən olunmuşdur

24 oktyabr 2014-cü il tarixdə itkin düşmüş Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü, Gəncə şəhər Təcili tibbi yardım stansiyasında tibb bacısı işləmiş Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunmuşdur.

Belə ki, noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə şəhər Baş Polis İdarəsinə gələrək S.Mayılovanı öldürüb meyitini Goranboy rayonu, Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını bildirmişdir.

Həmin məlumat əsasında şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəlmiş və S.Mayılovanın meyiti R.Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılmışdır.

Fakta bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə cinayət işi başlanmış, cinayətin törədilməsində şübhəli bilinən R.Əliyev tutulmuşdur. Sonuncunun deməsinə görə o, S.Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qəsdən öldürmüş və hadisədən 4 gün sonra cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda istintaq tədbirləri davam etdirilir.