Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-12-06
Xədicə İsmayılovanın qanunazidd əməlləri ifşa edilmişdir

“Azadlıq Radiosu” və “Meydan-TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 20 oktyabr 2014-cü il tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

T.Mustafayev Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək qeyd edilən KİV-lərdə işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

İstintaqla müəyyən edilmişdir ki, T.Mustafayev 2013-cü ilin fevral ayında “Azadlıq Radiosu”na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranmış və mütəmadi olaraq onun mənzilində yaşamışdır. X.İsmayılova öz şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salmışdır. Qısqanclıq zəminində münasibətləri pozulduğundan X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabr ayında onun işdən azad edilməsinə nail olmuşdur. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu “Meydan-TV” teleradio şirkətinə yüksək ödənişli əmək haqqı ilə müxbir vəzifəsinə işə düzəltdirmişdir. Lakin, İ.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin mart ayında teleradio şirkətindən işdən çıxarılmışdır.

İstintaqla həmçinin müəyyən edilmişdir ki, İ.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 1 may 2014-cü il tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd etmiş, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmamışdır.

Araşdırmalar zamanı X.İsmayılovanın İ.Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək, sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

Toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.