Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-12-10
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Riqada ixtisas artırma proqramında iştirak etmişdir

Sentyabrın 15-dən  dekabrın 5-dək Latviya Respublikasının Xarici İşlər Nazirliyinin və Korrupsiyanın Qarşısının alınması və Mübarizə Bürosunun (KNAB) dəstəyi ilə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan hüquqşünaslar üçün Riqa Ali Hüquq Məktəbində (Riga Graduate School of Law) ixtisasartırma kursları keçirilmişdir. Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Samir Mahmudov iştirak etmişdir.

12 həftə davam etmiş intensiv kurslar zamanı yerli və xarici mütəxəssislər tərəfindən Avropa İttifaqının hüquq sistemi və anti-korrupsiya siyasətinin xüsusiyyətlərinin öyrənilməsinə dair müvafiq təlimlər keçirilmişdir.

Bununla yanaşı, kurs iştirakçıları program çərçivəsində Belçika, Lüksemburq, İsveç və Estoniyaya tədris səfərləri edərək, həmin ölkələrin hüquq ənənəsi, onların müsbət anti-korrupsiya təcrübəsi ilə yaxından tanış olmuşlar.

Nəzəri və praktiki məşğələlər nəticəsində iştirakçılar beynəlxalq cinayət hüququ, mülki hüquq, vergilərin hesablanması, habelə hüquqi yazı, hüquqi danışıqların aparılması bacarıqlarını və digər zəruri sahələr üzrə biliklərini artırmış və tədbirin sonunda onlara müvafiq sertifikatlar təqdim edilmişdir.