Sayt üzrə axtarış















Əsas səhifə / XƏBƏRLƏR

2020-05-13
Ticarət mərkəzində baş vermiş yanğınlarla bağlı cinayət işləri birləşdirilərək istintaq vahid icraatda davam etdirilir

Mayın 11-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” MMC-ə məxsus ticarət mərkəzində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin canlı qüvvə və texnikaları tərəfindən operativ surətdə həyata keçirilmiş müdaxilə tədbirlərilə yanğının məhdudlaşdırılaraq saat 01 radələrində tam söndürülməsi təmin edilmişdir.

Yanğın söndürüldükdən sonra, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin göstərişinə əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müasir kriminalistik texikası və vasitələri ilə təchiz edilmiş səyyar kriminalistik laboratoriyası vasitəsilə prokurorluq əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müfəssəl müayinə olunaraq hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim olunmuşdur.

Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır.

İş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülmüşdür.

Hazırda iş üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilməlidir ki, 10 dekabr 2019-cu il tarixdə həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yanması ilə nəticələnən yanğın hadisəsinin baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanmaqla istintaqı aparılan cinayət işi üzrə zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin edilməklə rəylərin alınması, vətəndaşlara dəymiş 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilmişdir.

Hər iki yanğın hadisəsinin “Eurohome” MMC-ə məxsus eyni ərazidə yerləşən ticarət mərkəzində baş verməsi səbəbindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində vahid icraatda davam etdirilir.